
Türkiyənin İstanbul şəhəri Mərmərə Universitetində Türkiyə-Azərbaycan Universitetinin 4-cü Qəyyumlar Şurasının toplantısı keçirilib.
Missiya.Az "STAR"a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Təhsil Şurası (YÖK) məlumat yayıb.
Mərmərə Universiteti Rəcəb Tayyib Ərdoğan İqamətgahında keçirilən tədbirdə YÖK-ün prezidenti Erol Özvar, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə-Azərbaycan Universitetində proqramlar açan universitetlərin rektorları, YÖK rəsmiləri, Azərbaycanın Elm və Təhsil Nazirliyinin rəsmiləri iştirak ediblər.
İclasda çıxış edən Erol Özvar 1992-ci il fevralın 26-da Xocalı soyqırımında həyatını itirənlərin xatirəsini yad edib.T ürkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında dərin dostluq və qardaşlığın ən gözəl simvollarından biri olduğunu vurğulayan YÖK prezidenti universitetin hər iki ölkə prezidentinin birgə iradəsi ilə yaradıldığını qeyd edib.
"Bu universitetin əsas məqsədi "bir millət, iki dövlət" kimi formalaşdırdığımız bu iki qardaş ölkənin ali təhsil sahəsində bilik və təcrübə mübadiləsinə əsaslanır. Biz bu nümunəvi universiteti qarşıdakı illərdə daha da möhkəmləndirmək, institusional əsaslarını gücləndirmək və regionun bütün ölkələrinə xidmət edəcək beynəlxalq ali təhsil müəssisəsinə çevirmək istəyirik", - deyə o vurğulayıb.
Azərbaycanın elm və təhsil naziri də universitetin Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq və dostluğun ən gözəl nümunələrindən biri olduğunu diqqətə çatıdırıb. Emin Əmrullayev əlavə edib ki, universitetin Azərbaycanda təhsilin inkişafı üçün səmərəli fəaliyyət göstərəcəyini gözləyirlər.
Zərintac Mayisqızı
Missiya.Az