Uzun müddətdir ki, İrandan Ermənistana benzin gətirilmir.
Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr yazır ki, İrandan Ermənistana benzinin gətirilməməsinin müxtəlif səbəbləri var.
Əsas səbəb İran yanacağının qiymətinin artmasıdır. Qiymətin artmasının səbəbi isə Azərbaycanın Gorus-Qafan yolunun müəyyən hissələrində gömrük-keçid məntəqələri qurmasıdır.
Sitat:
“Azərbaycan tərəfi gömrük məntəqəsi yaradıb və İran yük maşınlarından tranzit pulu alır. Azərbaycan İrandan Ermənistana daxil olan neft məhsulları ilə yüklənmiş avtomobillərdən 250 dollar, boş qayıdanda isə 150 dollar rüsum alır. Tikinti materialları və ərzaq kimi başqa mallarla yüklənmiş avtomobillərin hər birindən giriş-çıxış zamanı 130 dollar alınır. Yəni benzinlə yüklənmiş avtomobil Gorus-Qafan yolu ilə İrandan Ermənistana və geriyə getmək üçün azərbaycanlılara əlavə olaraq 400 dollar ödəməlidir. Bu isə daşıma xərclərinin artmasına, nəticədə yanacaq qiymətlərinin yüksəlməsinə səbəb olur”, - sitatın sonu.
Qeyd edək ki, noyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanın Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurmasından danışıb. O bildirib ki, Azərbaycan tərəfi bizə rəsmi şəkildə Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissələrində sərhəd-keçid məntəqəsi quraşdırmağa başladıqları barədə məlumat verib. Azərbaycanın Gorus-Qafan yolunun bir hissəsində gömrük-keçid məntəqəsi qurması, Ermənistanın Vorotan, Şurnux və Bardzrəvan kəndlərinin blokada vəziyyətinə düşməsi ilə nəticələnib. Məlumata görə, həmin kəndlərdə ümumilikdə 700 nəfər sakin yaşayır. Həmçinin Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsinin qurulması sərhədyanı bölgələrdə yaşayan sakinlərin yolunu uzadıb. Erməni sakinlər alternativ yollarla Gorusa getməyə böyük vaxt sərf edirlər. Məsələn, sakinlər əvvəllər Gorusa getmək üçün 15 dəqiqə vaxt sərf edirdilərsə, indi ora getmək üçün 1 saat vaxt lazım olur.
Elvin
Missiya.Az