AZ   |   RU
İnternetdə Azərbaycan dilində məlumatların az olmasının səbəbləri nədir? - AÇIQLAMA


Müasir dövrümüzdə məlumat əldə etmək, araşdırmalar aparmaq üçün axtarış motorları, ünsiyyət qurmaqda isə sosial şəbəkələr köməyimizə çatır. Lakin Azərbaycan dilində vikipediya məqalələrinin sayı ya azdır ya da ümumiyyətlə heç yoxdur. Bu problem illərdir ki, aktuallığını qoruyub saxlayır. Son illərdə inkişaf müşahidə olunsa da vəziyyət hələ də ürəkaçan deyil. 

Niyə internetdə Azərbaycan dilində informasiya qıtlığı var? Bunun səbəblərini öyrənmək məqsədilə marketoloq Marat Namazovla əlaqə saxladıq. O, Missiya.Az - a açıqlaması zamanı deyib ki, problemin səbəbləri müxtəlifdir:

“Bunlardan biri aktiv istifadəçi sayının azlığıdır. İngilis, rus və ya türk dillərində vikipediyada aktiv redaktorların sayı kifayət qədərdir. Lakin Azərbaycan dilində yazan, məqalə yaradan istifadəçilər nisbətən azdır. Məlumat əlavə edən, mövcud məqalələri redaktə edən könüllü istifadəçilərin sayının az olması yeni məqalələrinin yaradılması prosesini ləngidir. İkinci məsələ məlumat mənbələrinin məhdudluğudur. Vikipediaya əlavə edilən məlumatlarda etibarlı mənbələrə əsaslanmaq gərəklidir. Ölkəmizdə bəzi mövzularda etibarlı və ya açıq mənbələr ya yoxdur, ya da ki az saydadır. Xüsusilə elmi və tarixi mövzularda orijinal və keyfiyyətli Azərbaycan dilində mənbələrin tapılması bir çox hallarda çətin olur. Üçüncü səbəb dilimizdə akademik və elmi kontentin məhdudluğudur. Akademik məqalələr, elmi jurnallar və ensiklopedik biliklər əsasən rus, ingilis dillərində dərc edilir. Digər səbəb texnoloji və maliyyə dəstəyinin çatışmazlığıdır. Bəzi inkişaf etmiş ölkələrdə universitetlər və araşdırma institutları vikipediaya xüsusi kontentlər hazırlayır”.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 11:53