AZ   |   RU
Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib

 

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı qaydalarında dəyişiklik edib.

Missiya.Az xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş *“Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası"nda dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib. Artıq buraxılışda yalnız maksimum məbləğ əks olunacaq. Əvvəllər isə qiymətli kağızların tədavül müddəti, nominal dəyəri, sayı və ümumi məbləğ də qeyd olunurdu.

Bununla yanaşı, geri satınalma qiymətinin müəyyən edilməsi qaydası əlavə edilib. Əgər geri satınalma qiyməti buraxılış zamanı müəyyən edilmiş satış qiymətinə bərabər deyilsə, onun hesablanma qaydası buraxılış şərtlərində öz əksini tapmalıdır.

Beynəlxalq təşkilatın qiymətli kağızlarının ödənilməsi üçün açdığı müvəqqəti cari hesab, eləcə də klirinq təşkilatının adı və ünvanı ilə bağlı məlumatların təqdim edilməsi tələbi ləğv edilib. Həmçinin buraxılış şərtlərində göstərilən say məhdudiyyəti aradan qaldırılıb. Beləliklə beynəlxalq təşkilat tərəfindən yerləşdirilən qiymətli kağızların sayı əvvəlcədən müəyyən edilmiş saydan çox olmamalıdır tələbi qüvvədən düşüb.

Digər dəyişikliyə görə, qiymətli kağızların dəyəri yalnız pulla ödəniləcək. İnvestorlar tərəfindən ödənilən məbləğ birbaşa beynəlxalq təşkilatın Azərbaycandakı bank hesabına köçürüləcək.




  • Bu gün, 12:05