Son günlər Azərbaycan-Ermənistan sərhəddinin müxtəlif istiqamətlərində yaşanan gərginlik noyabrın 16-da pik həddə çatdı. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiblər. Məqsəd isə dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək olub. Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusuna qarşı müxtəlif çaplı atıcı silahlardan, qumbaraatanlar, artilleriya qurğularından və s. intensiv atəşə tutub. Təbii ki, Azərbaycan tərəfi Ermənistan ordusunun sistemli təxribatlarının qarşısını almaq üçün cavab tədbirləri görüb. Qısamüddətli silahlı toqquşma zamanı Azərbaycan tərəfi ərazi itkisinə yol verməyib, bütün strateji yüksəkliklər, məntəqələr Ordumuzun bölmələrinin nəzarəti altındadır. Ermənistan ordusunun təxribatçı əməliyyatda iştirak edən bölmələri Azərbaycanın Silahlı Qüvvələri tərəfindən darmadağın edilib. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah-sursat qənimət götürülüb. Erməni mediasının yaydığı məlumata görə, onlarla hərbçinin taleyi ilə bağlı heç bir xəbər yoxdur. Azərbaycan Ordusundakı nizam-intizam, peşəkarlıq, bölmələrimizin ən müasir texnika, silah-sursatla təminatı itkilərin minimuma endirilməsini təmin edir. Təəssüflər olsun ki, belə toqquşmalarda itkilərə yol verməmək olduqca çətindir, praktiki cəhətdən mümkün deyil. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Regionumuzda mövcud vəziyyət göstərir ki, Azərbaycan Ordusu həmişə təxribatlara hazır olmalıdır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi həm 44 günlük müharibədən əvvəl, həm də sonra dəfələrlə təxribatçı əməliyyatlar həyata keçiriblər.
Düşmənin müxtəlif vaxtlara həyata keçirdiyi təxribatların xronikasına nəzər salaq: - Ermənistan ordusunun ən genişmiqyaslı təxribatlarından biri 44 günlük müharibədən bir neçə ay əvvəl, dəqiq desək 2020-ci il, iyulun 13-də dövlət sərhəddinin Tovuz istiqamətində baş verib;
- 2020-ci il, sentyabrın sonlarında yenidən fəallaşan düşmən, Azərbaycanın cəbhə xəttində yerləşən dinc əhaliyə qarşı genişmiqyaslı hərbi cinayətlərə əl atırdı. Dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərə qarşı cavab tədbirləri görmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahı Qüvvələrinin bölmələri əks-hücum əməliyyatına start verdi;
- İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan, döyüşlər başa çatdıqdan sonra da təxribatçı əməliyyatlarından əl çəkməyib. Düşmən Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə və dövlət sərhəddinin müxtəlif istiqamətlərdə təxribatlarını davam etdirir. Noyabrın 8-də Azərbaycan xalqı tarixi Zəfərin ildönümünü qeyd etdiyi bir vaxtda ermənilər Şuşa ətrafında təxribat törətməyə cəhd göstərdilər;
- Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutdu;
- Noyabrın 9-da Laçın rayonunun Qaragöl gölü ətrafında 60 hərbçinin Azərbaycan Ordusunun mövqelərinə aparın yolda yerləşdirilməsinə cəhd göstərildi. Azərbaycan Orsusunun tədbirləri nəticəsində erməni hərbçiləri mühasirəyə alındı, onların bütün hərəkətləri məhdudlaşdırıldı və səhər saatlarında Rusiya tərəfinin xahişi nəzərə alınaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaratdı. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bəyan edildi ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaqdır;
- Noyabrın 13-də səhər saatlarında Şuşanın yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinin postuna qumbara ataraq növbəti terror aktı törədiblər. Nəticədə, 3 hərbçi yaralanıb;
- Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutdu;
- Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu;- Nəhayət noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi;
Proseslər göstərir ki, Ermənistan təxribatlarını sistemli şəkildə davam etdirsə də, heç bir nəticə əldə edə bilməyib. Əksinə strateji mövqelərini itirib, hərbi texnika və şəxsi heyət itkisinə məruz qalıb, düşmən təxribatı və avantürası tam iflasa uğrayıb. Azərbaycan beynəlxalq hüquq normalarını əsas götürərək özünümüdafiə hüququndan istifadə edib, bir daha göstərdi ki, güclüdür, regional təhlükəsizliyi təmin edən ölkədir. Dövlət sərhəddində baş verən erməni təxribatları fonunda beynəlxalq aləmdən və nüfuzlu dövlətlərdən də reaksiyalar gəlib.
Noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Məsələyə münasibət bildirən təşkilatların, dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəöbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir. Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti dəfə təxribat və avantüra törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı. Ermənistana hətta üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və müttəfiq hesab etdiyi Rusiya belə kömək etməkdən boyun qaçırdı. Ermənistanın Rusiya və KTMT ilə şantaj ritorikası ilə danışmasından məlum oldur ki, onların sərhəd gərginliyinə səssiz qalması İrəvandakı siyasi dairələrin xoşuna gəlməyib. Bu səbəbdən, Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlama verdi.
Proseslər göstərir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürəsində maraqlıdır və bölgədə sülhün bərqərar olması üçün nəzərəçarpan adımlar atır.
Son baş verən hadisələrdən aydın olur ki, Ermənistan bölgədə sülhün bərqərar olmasına ən böyük təhlükədir. Təxribat olacaqsa, heç şübhəsiz cavab tədbiri də həyata keçiriləcək. Azərbaycan cəmiyyəti erməni təxribatlarına, şəhid xəbərlərinə çox həssaslıqla yanaşır. Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmayıb, hələ razılaşdırılmayan bir çox məsələlər var və prosesin gedişində yeni erməni təxribatlarının şahidi ola bilərik. Elvin Məmmədov
Missiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.5. istiqaməti üzrə (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.