AZ   |   RU
Hansı məhsulları alandan sonra qaytara bilərik? - AÇIQLAMA


Bu gün Azərbaycanda istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarması zamanı satıcıların həmin məhsulu geri qəbul etməməsi məsələsində ciddi problemlər var. Qanunvericiliyə əsasən, alınan hər hansı mal istehlakçını qane etmirsə onu geri qaytarmaq, dəyişdirmək mümkündür. Təbii ki, bunun üçün də şərtlər var. Lakin təəssüflər olsun ki, bəzi biznes qurumları bu qaydalara əməl etmir. Nəticədə alıcı və satıcı arasında mübahisə yaranır. Bəs, alınan məhsullar necə qaytarılmalıdır? Hansı malların qanunla dəyişdirilməsi mümkün deyil?

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı demək olar ki, hər gün quruma şikayət daxil olur:

“Bununla bağlı ölkədə ciddi problemlər yaşanır. Nazirlər Kabinetinin 114 saylı qərarında nəzərdə tutulmuş məhsullar istisna olmaqla, digər alınan əşyalar, avadanlıqlar 14 gün müddətinə işlənməyibsə, alış-verişi sübut edən rəsmi sənədləri, üstündə etiketi varsa o halda belə qaytarıla və ya dəyişdirilə bilər. Əgər məhsulun fabrik və ya zavod qüsuru varsa birmənalı şəkildə qaytarılıb pulu geri almaq mümkündür”.



Eyyub Hüseynov vurğulayıb ki, Nazirlər Kabinetinin 114 saylı qərarında AİB-i və istehlakçıları təmin etməyən məqamlar var:

“Məsələn qanunda, qiymətli daş-qaşlar, qızıl zinət əşyaları geri qaytarılmayan əşyalar siyahısındadır. Düşünürəm ki, bu düzgün deyil. Amma bəziləri də var ki, haqlı olaraq sözügedən siyahıda yer alır. Məsələn diş fırçaları, iç geyimləri və s. Onu da diqqətə çatdırım ki, Nazirlər Kabinetinin qərarı 1998-ci ildə qəbul edilib və köhnəlib. İstehlakçıların hüquqları ilə bağlı qanun isə 1991 –ci ildə qəbul olunub. Həmin qanunda və Qurumun qərarında mütləq dəyişikliklər edilməlidir. Qanun bugünkü təlimata cavab vermir, istehlakçıları qane etmir. Hökumət biznes qurumları üçün rahat və təhlükəsiz şərait yaratsa da biznes qurumları bundan sui-istifadə etməkdə davam edir. Ən çox mürəkkəb texniki cihazlar satan biznes qurumlarından şikayətlər gəlir. Sanki istehlakçıları aldatmaq üçün bir-biri ilə “yarışırlar”. Mobil telefonlar, məişət cihazları və s. kimi avadanlıqların satışında istehlakçı hüquqları tez-tez pozulur. Həmin məsələ ilə əlaqədar mühüm addımlar atılmalıdır”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 10-01-2025, 12:38