Azərbaycanın Gorus-Qafan yolunun Qafan-Çakaten hissəsində gömrük-keçid məntəqəsi qurması Ermənistanda ciddi təşviş yaradıb. Ölkənin Azərbaycanla sərhəddə yaşayan və Qafan-Çakaten yolundan istifadə edən əhalisi hadisələrin hansı istiqamət üzrə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik yaşayır. Missiya.Az xəbər verir ki, “Hraparak” nəşri Azərbaycanın qeyd edilən ərazilərdə gömrük-keçid məntəqəsi qurduqdan sonra sərhədyanı kəndlərin əhalisi üçün yaranacaq əsas problemə diqqət çəkib.
Nəşr yazır ki, Ermənistan vətəndaşları üçün nə qədər gülünc səslənsə də, öz pasportları ilə ölkənin bir tərəfindən digər tərəfinə keçə bilməyəcək.
Sitat: “Çünki Azərbaycan viza tələb edə bilər. Amma Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur. Eyni səbəbdən İrandan yüklərin daşınmasına icazə verilməyə bilər. Bu məsələləri həll etmək üçün dövlətimiz olmalıdır. Amma yoxdur. Əgər dövlətimiz olsaydı, Sünikdə gömrük-keçid məntəqəsi qurulmazdı”, - sitatın sonu.
Qeyd edək ki, bu gün saat 00:00-dan etibarən Azərbaycan Gorus-Qafan yolunun Qafan-Çakaten hissəsində gömrük-keçid məntəqəsi qurmasına başlayacaq.
Qeyd edək ki, noyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanın Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurmasından danışıb. O bildirib ki, Azərbaycan tərəfi bizə rəsmi şəkildə Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissələrində sərhəd-keçid məntəqəsi quraşdırmağa başladıqları barədə məlumat verib. Azərbaycanın Gorus-Qafan yolunun bir hissəsində gömrük-keçid məntəqəsi qurması, Ermənistanın Vorotan, Şurnux və Bardzrəvan kəndlərinin blokada vəziyyətinə düşməsi ilə nəticələnib. Məlumata görə, həmin kəndlərdə ümumilikdə 700 nəfər sakin yaşayır. Elvin Missiya.Az