İtaliya Nazirlər Şurasında Suriyadakı mövcud vəziyyətlə bağlı iclas keçirilib.
Missiya.Az xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə keçirilən iclasa Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müdafiə naziri Quido Krosetto, daxili işlər naziri Matteo Piantedosi, təhlükəsizlik xidmətlərinin və məxfi qurumların rəhbərləri qatılıblar.
Toplantıda Suriyadakı mövcud vəziyyət, onun ilkin nəticələri və bununla bağlı qəbul ediləcək qərarlar müzakirə olunub. Suriyanın bəzi bölgələrində döyüşlərin hələ də davam etdiyi bir vaxtda mülki əhalinin təhlükəsizliyinin mütləq prioritet olduğu, dinc və əhatəli keçidin təmin edilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, bu ölkədəki İtaliya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bütün azlıqların qorunmasının vacibliyinə xüsusi diqqət yetirilib. İclasda İtaliya hökuməti digər Avropa ölkələri kimi Suriyadan sığınacaq tələblərinə dair prosesləri dayandırmaq barədə qərar qəbul edib.
O cümlədən, Dəməşqdə diplomatik fəaliyyətin davam etdirilməsinə qərar verilib. Bildirilib ki, İtaliya hökuməti regional, Avropa və G7 tərəfdaşları ilə sıx təmasda olmaqla Suriyadakı vəziyyəti yaxından izləməyə davam edəcək.
Zərintac Mayisqızı
Missiya.Az