AZ   |   RU
Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərindən danışıb

“Azərbaycanın uzun illər ərzində xarici siyasətində əsas prioritetlərdən biri bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə yüksək səviyyədə dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib”.

Missiya.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir neçə ay bundan öncə iki ölkə arasında münasibətlərdə bir sıra narazılıq doğuran amillər baş verib: “Bunlar əsasən İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq avtomobillərin daxil olması ilə bağlı idi. Bununla bağlı İran tərəfinə narazılığımızı çatdırmışdıq. Ancaq buna baxmayaraq, belə hallara rast gəlinmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki sürücünün qanunsuz olaraq ərazimizə daxil olması aşkarlanmışdı. Həmin sürücülər isə saxlanılmış, avtomobillər müsadirə edilmişdi. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlarımız davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə müsbət nəticə əldə olunub. Eyni zamanda Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücüləri İran tərəfinə təhvil verib. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək”.


  • 4-11-2021, 15:35