8 noyabr Zəfər Gününün dördüncü ildönümü paytaxtın Nizami rayonunda geniş şəkildə qeyd edilib.
Missiya.Az xəbər verir ki, rayon ərazisindəki restoranların birində təşkil olunmuş bayram tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı nəticəsində, həmçinin Azərbaycan oğullarının qəhramanlığı sayəsində bu gün Zəfər bayramını qeyd edirik.
Millət vəkili Əli Əhmədov çıxışında deyib ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs salıb və şəhidlərimiz, qazilərimiz qanı, canı bahasına Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib. Harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır.
Qeyd olunub ki, Zəfərimizin 4-cü ilini qeyd etdiyimiz günlərdə Azərbaycanda həm də COP29 təntənəsi yaşanır. Bir neçə gündən sonra ölkəmizin ev sahibliyi edəcəyi bu beynəlxalq tədbir zəfərlərimizin məntiqi davamı kimi qiymətləndirilməlidir.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Vətən Müharibəsi iştirakçısı, qazi, mayor Nicat Əmirəliyev qeyd ediblər ki, Prezident Cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir.
Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib.
Zərintac Mayisqızı
Missiya.Az