AZ   |   RU
Emin Əmrullayev Braziliyada bir sıra görüşlər keçirib


Elm və təhsil naziri Emin Əmrullayev Braziliyanın Fortaleza şəhərində təşkil edilən UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində bir sıra görüşlər keçirib.

Missiya.Az 
xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri Sara Al-Amiri, Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusef bin Abdullah Al-Benyan, Qətərin təhsil və ali təhsil naziri Buthaina Bint Ali Al Jabr Al Nuaimi, Braziliyanın təhsil naziri Kamilo Santana və Çin Xalq Respublikası təhsil nazirinin müavini Çen Jie ilə keçirilən görüşlərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bundan əlavə, görüşlər çərçivəsində təhsilin bütün pillələri üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi məsələlərinə toxunulub. Görüşlər zamanı Emin Əmrullayev həmkarlarını ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştiraka dəvət edib.

UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə keçirilən görüş zamanı isə Azərbaycanın PISA tədqiqatına iqlim savadlılığı üzrə meyarın əlavə olunmasına dair təşəbbüsü yüksək qiymətləndirilib və bu günədək COP gündəliyində məhz Azərbaycanın təhsilə xüsusilə önəm verdiyi vurğulanıb. Qeyd edək ki, 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak ediblər.






  • 4-11-2024, 11:55