Son illərdə Azərbaycanın beynəlxalq arenada nüfuzu getdikcə artır. Buna misal olaraq deyə bilərik ki, I Avropa oyunlarının Azərbaycanda keçirilməsi, eyni zamanda Avroviziya Mahnı Müsabiqəsindən tutmuş Formula 1 və İslam Həmrəyliyi Oyunlarına qədər, Azərbaycan son illər ərzində bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib. Sözsüz ki, ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi sabit bir məkana çevrilməsi Prezident İlham Əliyevin məqsədyönlü və düzgün siyasətinin nəticəsidir.
Bu ilin noyabr ayında isə Azərbaycan daha bir əhəmiyyətli tədbirə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək.
COP29-un bu il Azərbaycanda keçirilməsi dünya ölkələrinin Azərbaycana böyük etimadını və hörmətini daha da artıracaq. Əlbəttə 44 günlük müharibədə, antiterror tədbirlərində ölkəmiz öz qüdrətini, gücünü nümayiş etdirdi. Bütün dünyaya göstərdik və sübut etdik ki, Azərbaycan özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, qüdrəti ilə azad etməyə qadirdir.
Sözsüz ki, ölkəmizin uğurlarına sevinən ölkələr olduğu kimi, şanlı qələbəsini, nailiyyətlərini həzm edə bilməyən qüvvələr də az olmadı. Özünü "demokratik ölkə" kimi göstərənlər, hər yerdə özünü hüquq müdafiəçisi adlandıran beynəlxalq təşkilatlar, eyni ilə də sapı özümüzdən olan baltalar... Bəs nə oldu? Xalqımız heç bir dövlətin oyununa getmədən Qələbə sevincini qeyd etdi. İndi isə bəzi Azərbaycanı gözü götürməyən dövlətlər, onların əli ilə idarə olunanlar murdar xislətlərindən əl çəkməyərək, Azərbaycanda keçiriləcək COP-29 tədbirini müzakirəyə çıxarıblar. Prezident İlham Əliyev hələ bir neçə ay bundan öncə qeyd etdi ki, COP29-a ağız büzənlər var.
Sübut üçün qeyd edək ki, “BBC Azərbaycan”, “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi kanallarda COP29-un Azərbaycanda keçirlməsinin əleyhinə söhbətlər təqdim olunur. Bunun fonunda ölkədəki sosial problemlər qabardılır, dövlətimizin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirilir. Məqsəd isə Azərbaycanın beynəlxalq imicini ləkələmək və bir sıra dövlətlər arasında ölkəmizin nüfuzunu aşağı salmaqdan ibarətdir. Bu media qurumları anlamalıdırlar, belə gülünc, heç bir önəm kəsb etməyən müzakirələrlə Azərbaycanın iradəsinə, regiondakı proseslərə təsir edə bilməyəcəklər.
Hələ də bəzi dövlətlər və bəzi qüvvələr başa düşmək istəmir ki, ölkəmizdə keçirilən tədbirlərin əsas məqsədi xalqlar, dövlətlər arasında sülh, əmin-amanlıq mühitini inkişaf etdirmək, dövlətlərlə inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.
Azərbaycan dövləti illərdir ki, hər dəfə əsasən də ölkədə beynəlxalq miqyaslı tədbirlər keçiriləndə, Qərb dövlətlərinin və onların maşası ilə idarə olunanların bu cür qərəzli mövqelər sərgilədiyinin şahidi olur. Ürək bulandıranlara isə dəfələrlə sübut olunub ki, uğurlarımıza kölgə salmaq istəkləri boşa gedir. Ölkə Başçımızın bir sıra beynəlxalq tədbirlərdə iştirakı və mötəbər çıxışları, Azərbaycanın Zəfər qazanması və yüksəksəviyyəli tədbirlərə ev saihbliyi etməsi bəzi dövlətlərin qısqanclıq nümayiş etdirməklə iç üzlərini ortaya çıxarır. Nəticədə isə Azərbaycan heç nə itirmir və nailiyyətləri, uğurları günü-gündən artır, ölkəmiz sürətlə inkişaf edir. Qarşı tərəf isə etibar olunmayacaq bir status qazanır...
Nurlana Əhmədova
Missiya.Az