AZ   |   RU
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib


İqtisadiyyat nazirinin müavini Anar Axundov Slovakiya İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi Kamil Şaşko ilə görüşüb.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Slovakiya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Slovakiya şirkətlərinin iştirakı imkanları, təkrar emal, turizm, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi barədə müzakirə aparılıb.


Daha sonra Azərbaycan ilə Slovakiya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.


İqtisadiyyat nazirinin müavini, işçi qrupun həmsədri Anar Axundov, Slovakiya İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi, işçi qrupunun slovakiyalı həmsədri Kamil Şaşko işçi qrupun gündəliyində duran məsələlər barədə məlumat veriblər.


Bildirilib ki, birgə səylərin nəticəsi olaraq hökumətlərimiz arasında 2021-ci ildə imzalanmış sazişə uyğun olaraq Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılıb və həmin işçi qrupu iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin əlaqələndirilməsi və təşviqi üçün konkret mexanizm rolunu oynayır.


Vurğulanıb ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə Slovakiyanın “Eximbank SR” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq birgə investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub və slovak şirkətləri Azərbaycanda yaradılan biznes imkanlarından yararlana bilərlər.


İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün fikir mübadiləsi aparılıb. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektoruna sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.


Sonda Azərbaycan ilə Slovakiya arasında ikitərəfli ticarət, enerji, nəqliyyat və İKT, dövlət xidmətləri, turizm, ətraf mühit, standartlaşma və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərini əhatə edən İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının yekun Protokolu imzalanıb.


Bundan başqa, Azərbaycan və Slovakiyanın İqtisadiyyat Nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı İKT, təhsil, nəqliyyat, enerji, müdafiə sənayesi, əczaçılıq, qida sənayesi və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.


İqtisadiyyat nazirinin müavini Anar Axundov ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, qarşılıqlı faydalı ticarət və investisiya münasibətlərinin inkişaf potensialını yüksək qiymətləndirib. Sahibkarlar arasında təmasların artırılması və müvafiq qurumlar tərəfindən bu istiqamətdə işlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycanda xarici investisiyaların cəlbi, biznes və investisiya mühitinin həm institusional, həm də praktiki səviyyədə yaxşılaşdırılması ümün davamlı tədbirlər görülür.


Slovakiya İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi Kamil Şaşko ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndiyini və biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqinin vacibliyini qeyd edib. Nazir müavini həmçinin müxtəlif sektorlarda əməkdaşlığın geniş perspektivlər vəd etdiyini diqqətə çatdırıb.


Biznes forumda AZPROMO və SARIO təmsilçilərinin hər iki ölkənin investisiya və ixrac potensialına dair təqdimatları dinlənilib, B2B formatda görüşlərlə davam edib.



  • 25-09-2024, 21:20