Payız mövsümünə sayılı günlər qalıb. Havalar yavaş-yavaş soyuyur. Fəsil dəyişdikcə dərimiz də öz sözünü deyir, baxıma ehtiyac duyur. Bu məsələ xüsusilə də xanımların narahatlığına səbəb olur. Onlar istəyir ki, simaları bütün fəsillərdə gözəl görünsün. Lakin bunun üçün dəriyə düzgün qulluq göstərilməlidir.
Həkim – kosmetoloq Leyla Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, üzümüzdəki problemlər elə daha çox fəsil dəyişikliyi zamanı - istidən soyuğa, ya da soyuqdan istiyə keçdikdə əmələ gəlir:
“Məsələn yay fəslindən qalan dəridəki müəyyən, əsasən günəş şüalarının təsirindən yaranan piqment ləkələri piqment ləkələri, daha sonra kapilyar toru, dəri quruluğu üçün bəzi mezoterapiya kokteyllərindən istifadə olunmalıdır. Mezoterapiya müəyyən ferment, vitamin kompleksini dəri altına yeridilməsidir. Bu kokteyllərdən istifadə zamanı dərinin tipi, yaş nəzərə alınmalıdır. Çünki o yaşa görə, hər bir şəxsə individual seçilir. 5-7 seans olur. Üzdə hansı problemin olduğu da təyin edilir. Sözügedən üsullardan sonra artıq özümüzü payıza hazır hiss edirik. Əgər bunları icra etməsək qış fəslində doğru gedəndə dəridəki fəsadlar dərinləşir”.
Mütəxəssis həmçinin, əlavə edib ki, evdə də bir çox qaydaları etmək mümkündür:
“Bunun üçün xiyar, limon şirəsi, baş soğan və qırmızı qarağat tərkibli maskalar hazırlayıb vura bilərik. Payız vaxtı quru dəri üçün, xüsusilə təbiətin təsirindən sonra parafin-yağ maskalarının istifadəsi məsləhət görülür. Üzə və boyun nahiyəsinə zeytun və ya günəbaxan yağı çəkilir, maskalar həftədə iki dəfə bir kursu cəmi 8-10 prosedur olmaqla aparılır. Quru və solğun dəri üçün həmin maska yaxşı hazırlıq olacaq. Nəmləndirici kremlər də olduqca effektivdir”.
Zərintac Mayisqızı
Missiya.Az