AZ   |   RU
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür

 

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun doğum günüdür. Bu gün uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur. 

Missiya.Az xatırladır ki, Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunub. Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və başqa başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.

Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Dahi bəstəkar 1948-ci ilin 23 noyabrında, 63 yaşında dünyasını dəyişib, lakin dəyərli əsərləri isə bu gün hələ də bizimlə bərabər yaşamağa davam edir.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • 18-09-2024, 10:24