AZ   |   RU
İnternetin keyfiyyətində niyə problemlər yaşanır? - AÇIQLAMA


25 manata 100 Mbit/sürət insanların istifadəsinə veriləndən sonra istər sosial şəbəkələrdə, istərsə də dost - tanışlardan internetlə bağlı tez-tez şikayətlər eşidirik. Müşahidələrə görə keyfiyyətdə heç bir dəyişiklik yoxdur, elə köhnə qaydada davam edir, hətta bir çoxları internetin sürətinin daha da zəif olduğunu iddia edir.

Bəs buna səbəb nədir?

İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis (İKT) Fərhad Mirəliyev Missiya.Az-a açıqlamasında deyib ki, məsələyə dair birmənalı fikir söyləmək çətindir, bu texniki bir məsələdir və müvafiq alətlərlə analiz, təhlillər aparmaq lazımdır:

“İnternetin sürətini düzgün yoxlamaq üçün bir neçə variantdan istifadə etmək olar. Bunlardan biri elə insanlar arasında geniş yayılmış sürət ölçən veb-saytlardır. Müvafiq saytlar var ki, "speedtest.com" məsələn sürəti ölçür, müəyyən bir təxminlərlə, cüzi tərəddüdlərlə sürəti göstərir. Həmin sürət müqavilə üzrə olan sürətdən cüzi fərqlənirsə demək ki, təqdim olunan sürət həqiqətən də təmin edilib. Digər vasitələrdən biri isə böyük həcmli faylların yüklənməsidir. Belə fayllar sözügedən istiqamətdə ixtisaslaşmış serverlərdən yüklənir. Nəticədə həm zaman, həm sürət bu tətbiqdə öz əksini tapır”.



İKT mütəxəssisinin sözlərinə görə bir neçə nüanslar var ki, onlar da nəzərə alınmalıdır:

“Ölçmə prosesində doğru məlumat almaq üçün marşrutlayıcı qurğuya birbaşa kabellə qoşulma təmin olunmalıdır. Çünki “Wi-Fi” balansı zamanı müxtəlif amillər dəqiq nəticələr əldə etməyə əngəl törədə bilər. Məsələn, bina evlərində abonent yaşayırsa qonşuların evlərində də müvafiq “Wi-Fi” qurğuları var, onların siqnalları bir-birinə maneələr yaradır və sürəti zəiflədir. Başqa bir səbəb internetin sürətinin artmasına baxmayaraq istifadəçinin evində quraşdırılan avadanlığın həmin sürəti emal etmək qabiliyyətində olmamasıdır. Tövsiyə edilir ki, 2014-cü ildən yuxarı istehsal ili olan “Wi-Fi” 5-ci nəsil standartlarına uyğun gələn aparatlardan istifadə edilsin. Bundan aşağı il və nəsilə malik avadanlıqlar sözügedən sürətdən istifadəni mümkünsüz edir. 3-cü nəsil “Wi-Fi” avadanlığı maksimum ən ideal şəraitdə 56 Mbit/s əldə etməyə imkan verir. Bu ölçmələr aparılarkən marşrutlayıcı qurğuya qoşulanların sayı minimum olmalıdır. Bir istifadəçi ilə ölçmələr aparılmalıdır. Ölçmə edən zaman həmin avadanlığa digər bir şəxs də qoşularsa, müəyyən bir sürət istehlak edirsə onda dəqiq sürətin alınmasında problemlər özünü göstərəcək”.


Zərintac Mayisqızı
Missiya.Az





  • 4-09-2024, 11:39