Bazar ertəsi 30 Dekabr 2024 / 21:49:39
                    AZ   |   RU
Hüquqşünas: "Ermənistan azərbaycanlılara qarşı cinayətlərin təhqiqi üçün heç bir addım atmır"

"Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə cinayətlər törətmiş Ermənistan bu əməllərin təhqiqi üçün hər hansı addım atmayıb".

Missiya.Az
xəbər verir ki, bunu Haaqadakı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün növlərini ləğv etmək barədə” beynəlxalq konvensiyanın pozulmasına dair qaldırdığı iddia ilə bağlı dinləmələrdə beynəlxalq hüquqşünas Natali Rid (Natalie L.Reid) bildirib.

Ermənistanın onillər ərzində mülki sakinlərə qarşı işgəncələr də daxil olmaqla müxtəlif cinayətlər törətdiyini deyən ekspert 1992-ci il Xocalı qırğınını da xatırladaraq həmin cinayətdə əli olanların indiyədək məsuliyyətə cəlb olunmadığını söyləyib.

“Ermənistan bütün dəlilləri, yazılışları yox etmək üçün hər şeyi edib. Onlar Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətləri təhqiq etmək üçün heç bir səy göstərmirlər”, - deyən hüquqşünas vurğulayıb ki, Ermənistanın törətdiyi hərbi cinayətlərə dair dəlillər İkinci Qarabağ müharibəsi dövründə də sosial şəbəkələrdə yayılmış, amma lazımi şəkildə araşdırılmamışdı: “Sentyabrdan noyabradək davam etmiş müharibə vaxtı sosial şəbəkədə erməni hərbçinin azərbaycanlı hərbçinin boğazını kəsməsini əks etdirən video paylaşıldı. Bu cür videoların sayı onlarladır. Həmin şəxslərin üzü görünür, səsləri də aydın gəlir. Azərbaycan Ermənistanı nifrət zəminindəki cinayətləri təhqiq etməyə çağırsa da, Ermənistan bu faktlara dair heç bir iş görmədi”.

Ekspert deyib ki, yalnız altı gün bundan əvvəl dinləmələrə hazırlıq çərçivəsində Ermənistan tərəfi 2020-ci ilin dekabr ayında İkinci Qarabağ müharibəsi dövründə törətdikləri cinayətlərə dair Baş Prokurorluq tərəfindən 6 cinayət işi başlanması barədə bir səhifəlik əlavə sənədi təqdim edib: “Lakin bu təhqiqatla bağlı hər hansı təfərrüat verilmir, yəni həmin cinayət işlərində neçə nəfərin ittiham olunduğu, şahidlərin sorğulanması və s. haqqında məlumat yoxdur. Ermənistanda doğrudan da istintaq gedib-getmədiyinə dair dəlil yoxdur. Bu bir səhifəlik sənəd Azərbaycanın məhkəməyə təqdim etdiyi təfsilatlı məlumatlarla ziddiyyət təşkil edir”.


  • 18-10-2021, 18:00