AZ   |   RU
Xəzər dənizində suyun sürətlə azalmasına səbəb nədir? - Nazir müavinindən AÇIQLAMA
"Hər il yay aylarında Xəzər dənizinin suyunun geri çəkilməsi mövsümi proseslərlə əlaqədardır. Payız və yaz aylarında isə dənizdə qabarma prosesi gedir. Amma son 8 il ərzində Azərbaycanda və hövzə ölkələrində quraqlıq müşahidə olunur".  

Bu sözləri Missiya.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. 

Nazir müavini bildirib ki, hər il Azərbaycan ərazisinə düşən yağıntının miqdarı azalmağa doğru gedir: "Son 10 ildə Azərbaycana düşən yağıntıların miqdarında 5, hətta 10 faiz azalma qeydə alınıb. Bu məqam da dənizdə suyun azalmasına səbəb olur. Qeyd edim ki, yağıntıların 10 ildən bir dəyişir. 10 il azalmağa doğru gedirsə, 10 ildən sonra tədricən yağıntıların miqdarında artım müşahidə olunur". 

Vüqar Kərimovun sözlərinə görə, Xəzər dənizində suyun azalmasının qarşısının alınması  yağıntıların miqdarından və dənizə tökülən çayların suyundan düzgün istifadədən asılıdır: "Çayların suyundan qənaətlə istifadə olunmalıdır. Məsələn, Neftçala və Salyanda Kür çayının suyu Xəzər dənizinə çatmır. Bunun birinci səbəbi yağışın az olmasıdır. Bu problemi birbaşa iqlim məsələlərinə bağlamıram. Yay aylarında Gürcüstan sərhəddindən Kür çayı ilə su Azərbaycana 80-90 kubmetr saniyədə gəlir. Amma biz qışda Mingəçevir Su Anbarından topladığımız suyu 180-200 kubmetr saniyə ilə burağırıq, yenə Xəzərə 30-40 kubmetr saniyədə çatır. Beləliklə, Xəzərdə çəkilməyə ikinci səbəb yay aylarında suya təlabatın artmasıdır".


Elvin Məmmədov
Missiya.Az



  • 16-10-2021, 18:35