AZ   |   RU
İlham Əliyevin dostluq mesajları, İranın hədə ritorikası - İtirən kim olacaq?

Prezident İlham Əliyevin oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycan və regiondakı proseslərlə bağlı bir çox mühüm məsələlərə toxunub. Ölkə başçısının diqqət çəkdiyi məsələlər sırasında İranın Azərbaycanın ərazi bötövlüyünə hörmətsizliyi, Qarabağda iranlı biznesmenlərin qeyri-qanuni iştirakı və Rusiya sülhməramlılarının fəaliyyəti var.
 
İlham Əliyev İranla Azərbaycan arasında yaşanan gərginlikdən danışarkən deyib ki, baş verənlərin səbəbi bizim bəzi ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və müstəqildir.
 
Sitat: “Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq. Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi...”

Təbii ki, Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini qorumasında, ərazi bütövlüyünə hörmət tələb etməsində qeyri-adi heçnə yoxdur.
 
Rəsmi Bakı uzun müddət İranın Qarabağa bağlı apardığı ziddiyyətli siyasətə diplomatik etika qaydalarına uyğun olaraq təmkinlə yanaşdı, münasibətlərin pozulmasına rəvac verəcək hər hansı bəyanat səsləndirmədi. Hətta İrana diplomatik kanallarla Qarabağla bağlı siyasətinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olduğunu bəyan etdi və bir müddət sonra nota ilə Tehranı hörmətsizlikdən çəkindirməyə çalışdı. Həmçinin İranın yeni dövlət başçısı İbrahim Rəisinin inauqurasiyasına parlamentin sədri və Baş nazirin müavininin rəhbərlik etdiyi böyük nümayəndə heyəti göndərildi.
 
Prezident İlham Əliyev dəfələrlə İranın yeni hökumətinə dostluq mesajları göndərib və Cəbrayıl rayonunun Xudafərin kəndinə səfəri zamanı Araz çayını “dostluq sərhəddi” adlandırıb.


Bəs İran Azərbaycanın təmkinli davranışlarına və dostluq mesajlarına necə qarşılıq verir?
 
1. Azərbaycan İrana Qarabağa qanunsuz yük daşınma ilə bağlı nota verdikdən sonra rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərə yük daşıyan maşınların sayı artdı;
 
2. Azərbaycan etiraz edib, nəzarətində olan Gorus-Qafan yolunu bağladıqda İranın rəsmi şəxsləri, əyalət mollaları, deputatları yuxarı rəhbərliyin tapşırığı ilə diplomatik qaydalara uyğun olmayan tərzdə ittihamlar irəli sürdülər, ölkəmizin süverenliyini təhdid edən fikirlər səsləndirməyə başladılar;
 
3. İran Azərbaycan rəhbərliyinin sülhpərvər çağırışlarına adekvat reaksiya vermək əvəzinə, sərhədlərimizin yaxınlığında genişmiqyaslı təlimlərə başladı. Rəsmi Tehran Azərbaycan torpaqları 30 ilə yaxın işğal olduğu müddətdə bir dəfə də həmin ərazidə hərbi təlim keçirməmişdi. İndi bu təlimlərə nə ehtiyac var idi? Təbii ki, təlimlərin Azərbaycana mesaj məqsədli olduğu hər kəsə məlumdur;
 
4. Azərbaycanın ərazi bütövlüyünə açıq və ard-arda hörmətsizlik edən Tehran, İrəvanla siyasi və iqtisadi əlaqələrini daha da genişləndirməyə başlayıb. Hətta İran hakimiyyəti Ermənistan üçün Gorus-Qafan yolununa aternativ magistralın çəkilməsinə razılıq verib;
 
5. Rəsmi Tehran Qarabağa qanunsuz yük daşınmasına şərait yaratmaqla yanaşı, özəl şirkətlərin Azərbaycan ərazisində fəaliyyətinə də heç bir maneə törətmir. Məlumata görə, qeyri-qanuni bizneslə məşğul olan İran şirkətləri, Azərbaycan xalqının maddi sərvətlərini talayırlar.
 

Ölkə başçısı İlham Əliyev müsahibə zamanı Qarabağda qeyri-qanuni fəaliyyət göstərən İran şirkətləri barədə məsələyə toxunarkən bildirib ki, Tehrandan özəl şirkətlərin Azərbaycan ərazisində qanunsuz fəaliyyətinin dayandırılması barədə tədbirlərin görülməsini xahiş ediblər.
 
Sitat: “...Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi”.
 
Ölkə başçısı İranla yaşanan gərginlik fonunda Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də diqqət çəkib və bildirib ki, həllini gözləyən bəzi məsələlər var.
 
Sitat: “Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.
 
Yəqin ki, Azərbaycanın müvafiq qurumlarında Qarabağa dırnaqarası turist səfərlərinin olduğu barədə dəqiq məlumatı var ki, prezident İlham Əliyev bu mövzuya toxunur və belə halların qarşısının alınmasının vacibliyini dilə gətirir. Xatırladaq ki, İranın yük maşınlarının Qarabağa qanunsuz yük daşınması ilə bağlı görüntülər ortaya çıxmamışdan əvvəl, prezident İlham Əliyev Azərbaycan ordusunun “Laçın dəhlizinə” vizual nəzarəti həyata keçirildiyini demişdi. Bir müddət sonra İran hakimiyyəti faktlarla ifşa olundu. Təbii ki, İranla baş verən gərginlik və Tehranın ziddiyyəti Qarabağ siyasətinin ifşası rus sülhməramlılarına da mesaj olmalıdır. Onlar da öz fəaliyyətlərini öhtəliklərinə uyğun şəkildə qurmalı, Qarabağa qanunsuz səfərlərə imkan verilməməlidirlər. Bütün səfərlərlə bağlı Bakıdan rəsmi icazə alınmalıdır.

Müşahidələr göstərir ki, Tehrandan fərqli olaraq, Bakı bütün qonşuları ilə diplomatiyanın və faktların dililə danışmağa üstünlük verir. Təbii ki, prezident İlham Əliyevin İranla və sülhməramlıların faəliyyəti barədə səsləndirdiyi bütün ittihamlar faktlarla – videogörüntülər və rəsmi sənədlərlə təsdiq olunur. Yəni, Azərbaycan rəhbərliyi İranın əyalət mollaları, qərəzli deputatları və nazirləri kimi heç bir fakta əsaslanmayan fikirlər səsləndirmir. Məsələn, İran rəsmiləri xarici və onlara düşmən hər hansı qüvvənin, xüsusilə terrorçuların Qarabağda olması barədə iddialar səsləndirir. Amma bu iddialar hər hansı faktla  – videogörüntülər və sənədlərlə sübut olunmayıb.
 
İran hakimiyyəti anlamalıdır ki, Azərbaycan müstəqil siyasət yeridir və milli maraqlarımıza təhdid yaradacaq bütün aqressiv davranışlara eyni dillə cavab verilir. Rəsmi Tehran addımlarının mənasızlığını dərk etməli və Bakı ilə diqtə dili ilə danışmağı dayandırmalıdır. Molla rejiminin bu siyasəti onların özləri üçün uğursuzluq gətirəcək. Çünki Azərbaycanın etibarlı müttəfiqləri və qüdrətli iqtisadiyyatı var. Tehranın hər hansı hərbi-siyasi və iqtisadi hədəsi Bakını hədəflərindən yayındıra bilməz. İran Azərbaycanla gərginliyə cəhd etməklə yaxın qonşusunu, iqtisadi və siyasi tərəfdaşını itirmiş olur. 

Elvin Məmmədov
Missiya.Az


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. istiqaməti üzrə (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.   



  • 14-10-2021, 17:21