AZ   |   RU
Putinin generallara qarşı savaşı davam edir - Gerasimov da vəzifədən uzaqlaşdırıldı, mühafizəçi Dyumin Kurska göndərildi

 
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimovun Kursk istiqamətində Rusiya Ordusunu koordinasiya etmək səlahiyyətini əlindən alıb. 


Missiya.Az Rusiya hərbi telegram kanallarına istinadən xəbər verir ki, bununla Putin Gerasimova etimad etmədiyini nümayiş etdirmiş olub. Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusunun hücum hazırlığından Gerasimovun əvvəlcədən məlumatı olub, lakin o, bu barədə Putinə məlumat verməyib. 


Bəzi Rusiya mənbələri Gerasimovun faktiki olaraq Baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırıldığını iddia edirlər. O da bildirilir ki, Şoyqunun əsas adamlarından olan Gerasimov Putindən narazı olan generallarla həmrəylik nümayiş etdirir. Gerasimovun yerinə Putin öz mühafizəçisi, hazırda Dövlət Şurasının katibi olan Aleksandr Dyumini təyin edib. Məhz o, bundan sonra Kurskdakı ordu birləşmələrini koordinasiya edəcək. 


Rusiyalı hərbi müxbirlərə aid Telegram kanallar yazır ki, general-polkovnik Dyuminə “fövqəladə səlahiyyətlər” verilib və o, prezidenti aldatmağa imkan verməyəcək. Dyumin Dövlət Şurasında katib olmamışdan əvvəl Putinin şəxsi mühafizə xidmətinə rəhbərlik edib və bir müddət MN-də müxtəlif vəzifələrdə çalışıb. 


Qeyd edək ki, ekspertlər Dyuminin təyinatını Putinin ordu generallarına etibar etməməsinin növbəti sübutu kimi qiymətləndirirlər. Məlumatlarda Valeri Gerasimovun həbsinə hazırlıq getdiyi də qeyd olunur. 


Elcan
Missiya.Az



  • 16-08-2024, 13:45