ATƏT-in Minsk Qrupu Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçisini azad etməsini təqdir ediblər.
Missiya.Az xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.
Belə ki, Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev) son günlər Azərbaycan və Ermənistan arasında razılaşmalara dair bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
BMT Baş Assambleyasının iclası gedişində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar. Həmçinin mümkün deeskalasiya və itkin düşmüş şəxslər, eləcə də köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.
Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar. Həmçinin həmsədrlərin iştirakı ilə görüşə hazır olduqlarını ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın açıq bəyanatlarını müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərin belə bir görüşün detallarını əlaqələndirməyi səbirsizliklə gözləyirlər və yaxın gələcəkdə prosesin növbəti addımlarını müzakirə etmək üçün bölgəyə səfər etmək istəklərini bir daha ifadə ediblər.