Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Missiya.Az xəbər verir ki, iclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib.
O, birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyət etibarı ilə bir-birini tamamladığını qeyd edib. O, sənədlərdə subbakalavr və ali təhsil pillələri üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqinin qanunla təsbit edilməsinin təhsilimizi Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırdığını, bununla da diplomların akademik tanınmasının asanlaşdığını bildirib.
Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təklif olunan dəyişikliklərin və əlavələrin qanunvericilikdəki hüquqi empirik bazası haqqında məlumat verib. Nəzərə çatdırıb ki, mövcud qanunvericilikdə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulub, həmçinin onların ali təhsil müəssisələrinə qəbul olmaq hüququ müəyyən edilib. Bu kontekstdə təklif olunan dəyişikliklərdə təhsilin subbakalavr səviyyəsində (orta ixtisas təhsili və yüksək texniki peşə təhsili) tədrisin kredit sistemi ilə təşkil olunması, subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması təklif edilib.