Uzun illər sonra Azərbaycan və Ermənistanın bir-biri üçün hava məkanını açması erməni cəmiyyətində ciddi rezonansa səbəb olub. Erməni ictimai xadimlər və jurnalistlər Bakı ilə Tehran arasında yaşanan gərginlik fonunda İrəvanın hava məkanını mülki təyyarələr üçün açmasını İranın əksinə olaraq, Ermənistanın “Zəngəzur dəhlizinə” qarşı çıxmaması kimi qiymətləndirir.Missiya.Az xəbər verir ki, “Hayeli.am” saytında dərc olunan məqalədə müəllif Ani Saakyan Ermənistan və Azərbaycanın hava məkanını bir-birinə açmasını “Zəngəzur dəhlizi”nin açılması baxımından ilk addım olduğunu qeyd edib. O bildirib ki, hakimiyyət bu prosesi qeyri-adi hal kimi təbliğ etmir və təbliğ etməyə çalışır ki, Azərbaycanla Ermənistan arasında hava məkanı əvvəllər də açıq olub.
Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi, keçmiş erməni deputat Qaqik Minasyan deyib ki, İran hava məkanını Azərbaycan üçün bağlayır, Ermənistan isə açır. Onun sözlərinə görə, beləliklə Ermənistan hakimiyyəti bu məsələdə İranın tərəfdaşı olmadığını göstərir.
Erməni türkşünas Muşeğ Xudaverdyan qeyd edib ki, vəziyyət partlayış təhlükəlidir:
“Dəhlizin mövcudluğu suverenliyimizin sonu olacaq, vəziyyət partlayış təhlükəlidir”.Minasyanın sözlərinə görə, İran yalnız hərbi əhəmiyyətli uçuşlar üçün hava məkanını bağlayıb, Azərbaycandan həyata keçirilən mülki uçuşlar üçün isə hava məkanı açıq olaraq qalmağa davam edir.
Erməni ictimai xadim Vahe Yeprikyan İranın Azərbaycan üçün hava məkanını bağlamasına, Ermənistanın isə açmasına diqqət çəkib.
O, “Facebook” səhifəsində yazıb ki, Azərbaycan üçün hava məkanını açmaq xainlikdir.
Erməni fəal Alen Qulyan hava məkanından istifadə edilməsi ilə bağlı məsələyə daha sərt reaksiya verib. O bildirib ki, bir gün İlham Əliyev də Bakı-Ankara-Bakı uçuşunu Ermənistan üzərindən həyata keçirəcək.Erməni politoloq Vahe Davtyan Azərbaycanla Ermənistanın bir-biri üçün hava məkanını açmasını dəhlizin reallaşması kimi qiymətləndirib.
Sitat:
“Bir gün də İlham Əliyevin "Boeing 767-300" “Bakı-1” təyyarəsi Bakı-Ankara-Bakı uçuşu ilə hava məkanımızdan keçəcək və İrəvanın üzərində keçərkən “Nə oldu, Paşinyan?” deyəcək”, - sitatın sonu.
Digər erməni politoloq Qaqik Hambaryan hava məkanını Azərbaycan üçün açdığına görə baş nazir Nikol Paşinyanı sərt tənqid edib və onu torpaqsız adlandırıb.
Sitat: “Torpaqsız Nikol Bakıya yeni xidmətlər göstərir. Xatırladım ki, Bakı və Ankara Ermənistanı mühasirədə saxlamağa davam edir və infrastrukturları açmaq üçün Ermənistanı şantaj edir”, - sitatın sonu.
Erməni türkşünas Varujan Qeğamyan “Facebook” səhifəsində yazıb ki, Ermənistan ilk türk dəhlizini verib. Qeğamyanın sözlərinə görə, Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin ilk komponenti hava dəhlizi idi.“Hraparak” nəşri isə Ermənistan hakimiyyəti daxilində “Zəngəzur dəhlizi” ilə bağlı ziddiyyətlərdən danışıb. Nəşr qeyd edir ki, Nikol Paşinyan Azərbaycana heç bir dəhlizin verilməyəcəyini, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Türkiyə və Azərbaycana dəhlizlər veriləcəyini söyləyir.
Elvin
Missiya.Az