AZ   |   RU
Dənizdə boğulma halları niyə çoxalır? – AÇIQLAMA


Son günlər dənizdə boğulma halları ilə əlaqədar xəbərlər eşidirik. Belə bədbəxt hadisələr demək olar ki, hər yay müşahidə edilir. Doğrudur, insanların təhlükəsizliyi baxımından nə qədər qaydalar, təlimatlar tərtib olunsa da yenə də mənfi hallar artır. Məlumatı az olan, ya da ehtiyatsız şəxslər kifayət qədərdir.

Görəsən insanlar boğulma təhlükəsindən qorunmaq üçün nələri bilməlidir?

Məsələyə dair təhlükəsizlik eksperti Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında deyib ki, çimərliyə gedən zaman öncə hava şəraiti nəzərə alınmalıdır:

“Aydın, əlverişli havada çimərliyə yollanmaq lazımdır. Küləyin sürəti saniyədə 10-12 metri keçərsə yağışlı, buludlu, qaranlıq vaxtda getmək yolverilməzdir. Daha sonra düzgün çimərlik seçiminə diqqət etmək lazımdır. Fəaliyyətinə icazə verilən çimərliyə getmək lazımdır. Fəaliyyətinə icazə verilən belə ərazilər onlar aidiyyatı qurumlar tərəfindən həm suyun, fiziki, kimyəvi və bioloji sanitar normaları yoxlanılır. Sonra suyun dibinin akvatoriyası sualtı axınların, yarğanların, daş-qaya parçlarının, dəmir konstruksiyalarının insana xəsarət yetirə biləcəyi amillərin olub - olmaması bütün bunlara nəzər yetirildikdən sonra fəaliyyətinə icazə verilir”.

Elmar Nurəliyevin sözlərinə görə, dünya üzrə statistikada suda boğulma hallarının 95 faizi qeyri-çimərlik yerlərində baş verir:

“Ona görə insanlar qəti olaraq qeyri-çimərlik ərazilərinə getməsinlər, öz ölümlərinə səbəb olmasınlar. Sözügedən ərazilərdə xilasetmə xidməti də yoxdur, boğulanlara kimsə yardım edə bilmir. Bilirik ki, ölkəmizdə Fövqəladə hallar nazirliyinin kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidməti mövcudur. Bu xidmət tərəfindən yüzlərlə boğulma təhlükəsi ilə üzləşənlər xilas edilir. Nə qədər adam bədbəxt hadisənin qurbanına çevrilməkdən qurtulur”.



Təhlükəsizlik eksperti əlavə edib ki, çimərlikdə boğulma halları xüsusi nişanlanmış sərhədləri keçən zaman da baş verir:

“O sərhədləri keçmək olmaz. Çimərliyi idman yarışı, yarış meydançası ilə səhv salmasınlar. “Kim daha uzaq məsafəyə üzə bilər? Kim daha hündür qayalıqdan suya baş vura bilər?” kimi ifadələr işlədərək, hər şeyi belə aşırı dərəcədə etmək ölüm halları ilə nəticələnir. Dünya üzrə statistikada boğulma hadisələrinin 70 faizdən çoxu suda 15-20 dəqiqə artıq vaxt keçirənlərin payına düşür. Ona görə də sahilə paralel üzmək lazımdır. Məhdudlaşdırılmış sərhədlərə getmək təhlükəsizlik baxımından yolverilməzdir. Çünki dənizdə lüzumsuz hərəkətlər edəndə xilasedicilər də həmin şəxsin suda əyləndiyini, yoxsa boğulduğunu ayırd edə bilmir. Çimərliyə planlı gedilməlidir. Uşaqları əsla nəzarətsiz qoymaq olmaz”.


Zərintac Mayisqızı
Missiya.Az



  • 23-07-2024, 11:39