
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü elan edilmişdir.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.
Eliza Məmmədova
Nizami rayonu, R. Orucova adına 109 saylı orta məktəbin informatika müəllimi