AZ   |   RU
“Ukrayna münaqişəsinin həlli üçün çox uzun yol var” - Viktor Orban

“Ukrayna münaqişəsinin həlli üçün çox uzun yol var, çünki bir çox Qərb dövlətləri Rusiyanı məğlub etmək üçün hərbi əməliyyatları davam etdirmək istəyirlər”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitinə gedərkən keçirdiyi mətbuat konfransı zamanı deyib.


Onun sözlərinə görə, Qərbdə əksər ölkələr hələ də müharibə aparmağın tərəfdarıdır və hərbi yolla Rusiyaya qalib gələ biləcəklərini düşünürlər.


"Mən bunun mümkün olduğunu düşünmürəm, bu münaqişəni döyüş meydanında həll etmək mümkün deyil", - deyə siyasətçi vurğulayıb.


“Mən rusları və ukraynalıları, o cümlədən Sovet İttifaqını yaxşı tanıyıram, onların qonşu ölkəsində yaşayıram, bütün konteksti bilirəm ki, döyüş meydanında həll yolu tapmaq mümkün deyil”, - deyə Orban bildirib.


O, qeyd edib ki, Ukrayna münaqişəsi hər gün bir çox insanın həyatına son qoyur. 


“Mən Ukraynada atəşkəsə nail olunmasını və münaqişə tərəfləri arasında sülh danışıqlarının başlanmasını zəruri hesab edirəm. Ancaq bu vaxt aparacaq", - deyə Orban əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 18-07-2024, 14:45