Mingəçevir şəhərində sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması məqsədilə ictimai nəqliyyat şəbəkəsinin optimallaşması istiqamətində tədbirlər həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Missiya.Az-a bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı aparılan işlər çərçivəsində Mingəçevir şəhər 4 və 6 saylı şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 2024-cü il avqustun 14-ü saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən hər 2 Lot üzrə avqustun 26-da baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.