AZ   |   RU
Günəş vannası qəbul edərkən nəyə diqqət etməliyik?


Günəş bütün canlılar üçün həyat mənbəyidir. Orqanizmimizdə D vitaminin yaranmasında əsas rol oynayır. Habelə sümük-dayaq sisteminin möhkəmlənməsində, insanların psixologiyasına çox effektiv, gözəl təsir göstərir. Xoşbəxtlik hormonunu artırır. Günəş şüalarının müsbət tərəfləri olduğu kimi mənfi təsirləri də var. Əksər insanlar yay aylarında vaxtını daha çox çimərlikdə keçirmək, günəş vannası qəbul etmək, il boyu daha gümrah olmaq üçün qaralmağa çalışır.

Həkim-kosmetoloq Leyla Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, son zamanlar ozon qatında baş verən müəyyən proseslərlə əlaqədar günəşin ultrabənövşəyi şüalarının zərərli təsirlərini də daha çox görürük:

“Yer kürəsində müəyyən maqnit qasırğaları olur. İnsanlar arasında günvurmalara tez-tez rast gəlinir. Ona görə də günəş vannasından düzgün şəkildə qəbul etmək lazımdır. Günəş vannası üçün dəniz kənarına gedən zaman saatlara da diqqət yetirilməlidir. Məsələn, hər hansı bir insanda zob xəstəliyi varsa mütləq səhər saat 09:00-a qədər – yəni 05:00-09:00 arası dəniz kənarına gedə bilər. Bu vaxt dənizdə olan mikroelementlərin aktivliyi daha yüksək olur. D vitamini qəbulu üçün isə saat 10-12 arası, axşam saat 17:00-dən sonra dəniz kənarına getmək daha məsləhətlidir. Günorta saatlarında saat 13:00- 16:00 arası dənizdə günəş vannası qəbul etmək qətiyyən məsləhət görülmür. Bu bir çoxlarımızın dərisində ləkələrə, problemlərə səbəb olur. Günəş vannasından düzgün qəbul edilərsə orqanizmdə immun sistemi daha möhkəm, payız-qış aylarında viruslara qarşı orqanizm daha dayanıqlı olacaq”.



Həkim-kosmetoloq əlavə edib ki, günəş vannası qəbul edərkən qoruyucu SPF kremlərdən istifadə olunmalıdır, su qəbul edilməlidir:

“SPF kremlər də müxtəlif olur, dəri tipinə görə dəyişir. Böyük və kiçiklər üçün ayrı-ayrı olur. Dəniz kənarında günəş vannası qəbul edərkən 50-100 SPF krem seçilməlidir. Üz və bədən üçün də SPF kremləri fərqli olmalıdır. Yay aylarında su qəbulu da mütləqdir. Hər insan 2-2,5 l su içməlidir. Çünki istinin təsiri altında bədənimizdə susuzluq, dərimizdə quruluq, çatlar meydana çıxır”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 1-07-2024, 10:25