AZ   |   RU
Laçın Könüllüləri qrupuna qəbul başlayıb - bu barədə mətbuat konfransı keçirilib


Laçın Rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qeydiyyat başlanıb.

Missiya.Az
 xəbər verir ki, bu barədə iyunun 28-də Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov məlumat verib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının əsas məqsədi, işğaldan azad edilmiş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Laçın rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər. Qeydiyyat iyulun 15-dək davam edəcək.

Müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçəcəklər. Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra Laçın rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçiriləcək.

Hazırda “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri” və “Füzuli Könüllüləri” qrupları fəaliyyət göstərir. Könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər.


Zərintac Mayisqızı
Missiya.Az



  • 28-06-2024, 12:13