AZ   |   RU
Doğmalarını qurbanlıq seçən cinayətkar və polislərin qətli, yaxud İKİ OXŞAR XƏBƏR


Ötən ilin sentyabr ayının 19-da yayılan xəbər bütün ölkəyə dərin sarsıntı yaşatdı: Bu, o zaman Qarabağdakı qeyri-qanuni erməni qüvvələrinin yerləşdirdiyi minanın partlaması nəticəsində 4 Azərbaycan polisinin şəhid olması barədə xəbər idi. Erməni terrorunun qurbanı olan polislərimiz 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 1987-ci il təvəllüdlü Ramil Arif oğlu Şirinov, 1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov başqa bir qanlı hadisədən sonra əraziyə gedərkən minaya düşmüşdülər.


2024-cü il iyunun 24-də də polislərin ölümü ilə bağlı sarsıdıcı xəbər yayıldı. Fərq onda idi ki, bu dəfə polis əməkdaşlarına qıyan erməni yox, məhz azərbaycanlı idi.... Polisə atılan güllənin əslində dövlətə tuşlanmış hesab olunması onu deməyə imkan verir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş və axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyevin əməli ilə erməni terrorçularının cinayəti arasında elə bir ciddi fərq yoxdur. Onlar da dövlətimizin qəsdinə durmuşdular, həmin o Rövşən adlı cinayətkar da qapısına gəlmiş DÖVLƏTƏ atəş açdı! Xəzər rayonu Şüvəlan qəsəbəsində baş vermiş qanlı hadisənin ardınca sosial şəbəkələrdə spekulyativ reaksiyalar “boy verməyə” başladı. Hətta xaricdəki söyüş müxalifətinin ayrı-ayrı elementləri xislətlərinə uyğun olaraq bu hadisəni həyasızlıq müstəvisində şərh etməyə girişdilər. Bəziləri Azərbaycan polisini bacarıqsızlıqda, naşılıq və qeyri-peşəkarlıqda qınadı, dövlətə qarşı xəyanətkarlığın dibinə vurmuş olanlar isə bir qədər də irəli gedərək, polisləri qətlə yetirmiş cinayətkarın əməlinə haqq qazandırmağa, onu az qala qəhrəman kimi qələmə verməyə çalışdılar. Bu, tik-tok, youtube çetesi tərəfindən həyata keçirilən başqa bir terror formasıdır.


Hədəfdə polislərin ruhu, onların yaxınlarının və ümumən hadisədən sarsılmış insanların heysiyyatıdır. Təsəvvür edin, “əllərinə sağlıq” dilədikləri cinayətkarın hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verməsindən, onların arxasından polis əməkdaşlarına atəş açmasından heç kəs danışmadı. Birinin qanacağı çatıb demədi ki, polis əməkdaşları elə həmin o cinayətkarın doğmalarına, yəni günahsız insanlara xələl yetirilməsin deyə, öz canlarını fəda ediblər. 


Yaxşı, bir anlıq təsəvvür edək ki, polislər heç nəyə məhəl qoymadan cinayətkarın olduğu istiqamətdə atəş açır və nəticədə ataları tərəfindən güllə qabağına verilmiş uşaqlar, əri tərəfindən qalxan kimi istifadə olunan qadın həyatını itirir. Söyüş müxalifətinin reaksiyasını təsəvvür eləmək o qədər də çətin deyil. Başlayacaqdılar ki, Azərbaycan polisi günahsız insanlara atəş açdı, qətliam törətdi və s. və i.


Yeri gəlmişkən, Avropada, Amerikada belə hallar çox olur... Azərbaycan polisi isə sonuncu hadisənin timsalında günahsız insanları qorumaq üçün öz canından keçəcək qədər fədakardır. 


Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canını fəda etmiş, terror hadisələrinin qurbanı olmuş və cinayətkarlıqla mübarizədə sinəsini güllə qabağına vermiş polislərimizin ruhunu ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.


Nicat Dağlar 
Missiya.Az


  • 27-06-2024, 17:59