AZ   |   RU

ATƏT-in Minsk qrupu regiondakı yeni reallıqlara uyğun olaraq fəaliyyəti üçün yeni gündəlik formalaşdırmalıdır


“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil, bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi də düzgün deyil. Əvəzində Azərbaycan ərazisində Qarabağ zonası, Şərqi Zəngəzur var və regiondakı yeni reallıqlara uyğun olaraq da ATƏT-in Minsk qrupu fəaliyyəti üçün yeni gündəlik formalaşdırmalıdır. Bu gündəlik isə status məsələsi kimi qondarma problemlərdən uzaq sülh və əməkdaşlıq barədə olmalıdır”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, münaqişə bittiyindən, Azərbaycan ərazi bütövlüyünü təmin etdiyindən bundan sonra regionun perspektiv inkişafı barədə düşünülməlidir: “Regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülh təmin olunmalıdır. Bölgədə sülhün təmin olunması üçün qardaş Türkiyənin təklif etdiyi 3+3 platforması da bunun ən optimal yoludur. Regionun bütün ölkələri bu platformaya müsbət münasibət bildirsə də, çox təəssüflər olsun ki, Ermənistan hələ də qeyri-konstruktivliyindən əl çəkmir. Amma Ermənistan rəhbərliyi də yaxşı bilir ki, müharibədən sonrakı müddətdə ölkədə vəziyyət çox pisləşib, sosial-iqtisadi durum ağırlaşıb, ictimai-siyasi mühit xaotikdir. Ona görə də, Paşinyan hökuməti Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Ərazi iddialarından, saxta tarixdən, daim münaqişədə olmaq siyasətindən əl çəkməlidir, Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etməli, delimitasiya və demarkasiya aparmalı, normal münasibətlərin qurulması üçün təşəbbüslər göstərməlidir”.

“İşğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər də anlamalıdırlar ki, xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan bu məsələdə strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır: “Hazırda Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb. Zəngilana həm dəmir, həm də avtomobil yolu çəkilir, hava limanları tikilir. Eyni zamanda, Qarabağda, Şərqi Zəngəzurda ərazilərin bərpa olunması işləri həyata keçirilir. Bu işlər 30 il ərzində Ermənistanın vandalizminə və barbarlığına məruz qalmış ərazilərin bərpasına xidmət edir. Azərbaycan tərəfi bu işlərdə Qarabağda yaşayan 25 min erməninin, eləcə də Azərbaycanın Şuşadakı hərbi mövqelərinə yaxınlaşıb rica etmiş şəxslərin də həm inşaat, həm də bərpa işlərində iştirak etməsinə müsbət baxır. Çünki onlar işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Əlbəttə ki, 25 min erməninin taleyi ilə bağlı məsələnin həlli üçün hüquqi prosedurlar tam yerinə yetirilməlidir. Xüsusilə də, Ermənistan kapitulyasiya Bəyanatına imza atmaqla üzərinə götürdüyü öhdəlikləri tam icra etməlidir”.

Baxış sayı: 145
  • 30-09-2021, 11:23