
1. Bu gün Azərbaycanın tanınmış incəsənət xadimi, böyük teatr rəssamı Nüsrət Fətullayevin anadan olmasının ildönümüdür. O, uzun illər Azərbaycan Dövlət Dram Teatrında baş rəssam olaraq çalışıb, onlarla tamaşaya tərtibat verib (1913-1988);
2. Azərbaycanın igid oğlu İsrafil Məmmədov 1919-cu il 29 mayda Gəncədə dünyaya gəlib. İkinci Dünya Müharibəsi zamanı faşist işğalçılarına qarşı döyüşlərdə dəfələrlə mərdlik və qəhrəmanlıq göstərən İ.Məmmədov 1941-ci il dekabrın 3-də Novqorod yaxınlığındakı Pustınka kəndində baş vermiş amansız savaşda şəxsən özü 70 faşist əsgəri və 3 zabitini məhv edib. Bu hünərə görə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib (1919-1946);
3. Azərbaycan neft yataqlarının ilk kəşfiyyatçılarından olan tanınmış neft ustası Yusif Kərimov 1925-ci ilin bu günü dünyaya gəlib. 1963-cü ildə onun başçılığı ilə Səngəçal-Duvannı dəniz neft yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995);
4. 29 may Azərbaycanın tanınmış rəssam və aktyoru Elçin Məmmədovun doğum günüdür. Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam 100-dən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib. Həm də istedadlı aktyor olan Elçin Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Çətirimiz buludlardır” filmlərində yaddaqalan obrazlar yaradıb (1946-2001).
Zərintac Mayisqızı
Missiya.Az