AZ   |   RU
Bu gün xalq artisti Şəmsi Bədəlbəylinin anım günüdür

 

Bu gün xalq artisti, aktyor Şəmsi Bədəlbəylinin anım günüdür


Missiya.Az xatırladır ki, Azərbaycanın tanınmış rejissoru Şəmsi Bədəlbəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada ziyalı ailəsində anadan olub.


O, Bakıda orta məktəbdə ibtidai təhsil almış, Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olub. Bu illərdə aktyor böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edib.


1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olan Şəmsi Bədəlbəyli 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olub.


Görkəmli sənətçi tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor-pedaqoq Aleksandr Tuqanovla dostluqları başlayıb. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın hazırlıq prosesində iştirak edib. 


O, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (1943 - 1949) bədii rəhbər təyin olunub. Teatrda 1956 - 1961-ci illərdə baş rejissor və 1965 - 1974-cü illərdə də bədii rəhbər işləyib. 1949-cu ildə teatr bağlananda aktyor Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilib. Bu vəzifədə 1974-1976-cı illərə qədər çalışıb. 1976 - 1981-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri seçilib. 21 noyabr 1986-cı ildə fəxri təqaüdə çıxıb. Yaradıcılığı Musiqili Komediya Teatrı ilə daha sıx bağlı olan Şəmsi Bədəlbəyli bu kollektivin yaranması və inkişafı üçün böyük işlər görüb. 


1941-ci ildə, iyunun 16-da  V.Şekspirin "Kral Lir", iyulun 8-də Lermontovun "İki qardaş" əsərləri Ş.Bədəlbəylinin rəhbərliyi ilə səhnədə oynanılıb. 


Ş.Bədəlbəyli Dram teatrında "Ölülər", Opera və Balet Teatrında "Koroğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri", Musiqili Komediya Teatrında "Gözün aydın", "Durna", "Arşın mal alan", "Hicran" və s. əsərlərə quruluş verib. 1957-ci ildə Türkmənistan Opera və Balet Teatrında "Koroğlu" operasını tamaşaya qoyub. «Ömrün səhifələri», «Axırıncı aşırım», «O qızı tapın» və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.


Saysız-hesabsız işləri ilə sənət aləminə öz töhfələrini verən aktyor Şəmsi Bədəlbəyli  17 iyun 1943-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 29 iyul 1964-cü ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. 


Musiqili teatr sənətimizin inkişafında böyük əməyi olan Şəmsi Bədəlbəyli 23 may 1986-cı ildə vəfat edib. O, ikinci Fəxri xiyabanda dəfn olunub. 


Allah rəhmət eləsin.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 23-05-2024, 10:03