TAİB-in mərkəzi ofisində “Türk xalqları arasında əlaqələrin inkişafında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Missiya.Az xəbər verir ki, tədbiri giriş sözü Türk Ağsaqqalları İctimai Birliyi- TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev türk xalqları arasında əlaqələrin genişləndirilməsində dilin, ədəbiyyatın, mədəniyyətin, adət-ənənələrin rolunu yüksək dəyərləndirirdi. Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Son illərdə türk dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. O, bu istiqamətdə prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
Tədbirdə TAİB-in fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Sonra TAİB-in sədr müavini Eyvaz Hünbətov çıxış edərək türk xalqları arasında inteqrasiyanın sürətlənməsində ictimai təşkilatların böyük rol oynaya biləcəyini qeyd edib.
Tədbirdə Tatarıstan nümayəndəliyinin məsul işçisi, Bakıda fəaliyyət göstərən “Kayım Nasiri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli qeyd edib ki, müstəqil Azərbaycanın Rusiya Federasiyasının bütün bölgələri ilə, eləcə də Tatarıstanla münasibətləri inkişaf etməkdədir. Azərbaycan xalqı tərəfindən hər zaman tatarlara xoş münasibət sərgilənir.
TAİB Qadınlar Şurasının sədri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu çıxış edərək bildirib ki, azərbaycanlılarla qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayan tatar xalqının nümayəndələri müxtəlif sahələrdə, elm və təhsil ocaqlarında, mədəniyyət müəssisələrində çalışıblar.Hər iki xalqı tarixən səmimi dostluq münasibətləri bağlayır. Bu gün də tatar icması ölkəmizin mədəni, ictimai həyatında öz fəallığı ilə seçilir. Biz hamımız fəxr edirik ki, azərbaycanlıyıq deyən Güllü Yoloğlu çıxışını bu fikirlə yekunlaşdırıb.
Sonda “Ağ Kalpak” ansamblının ifasında türk-tatar xalq rəqsləri, mahnıları təqdim olunub.
Nurlana Əhmədova
Missiya.Az