Azərbaycanın Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinə nəzarəti ələ alması, İrandan Rus sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərinə qanunsuz yüklərin daşınmasına rəsmi Bakının sərt reaksiyası Tehranın xoşuna gəlməyib. Rəsmi Tehran açıq şəkildə Azərbaycanın maraqlarına qarşı çıxır, separatçılara dəstək verməkdən əl çəkmir.
İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər rəsmi Tehranın təxribatçı əməllərdən çəkinmək istəmədiyinin bariz nümunəsidir.
Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlərinə münasibət bildirərkən həddi aşan, qırmızı xətti keçən fikirlər səsləndirib. O deyib ki, hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur. Sitat:"Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb, həmin müsahibəyə "İran xəritədən silinəcək" başlığını seçməsi təəssüf doğurur", - sitatın sonu.
Amili daha da irəli gedərək bildirib ki, İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir.
Sitat: “İcazə verilməlidir ki, SEPAH sərhədlər boyunca təlimlər keçirsin, kimin kim olduğunu, gücümüzü onlara göstərsin. İcazə versinlər ki, İranın qüdrətini göstərsin, öz gücü ilə onlara kimliyimizi nümayiş etdirsin. Desin ki, "Şirin quyruğu ilə oynama!", - sitatın sonu.
Seyid Həsən Amili "Yeni Şafak"a müsahibə vermiş azərbaycanlı millət vəkilini təhqir edib.
Sitat:
"Ərdəbildə əvvəllər həyətlər böyük olardı. Günlərin birində, qışda, qar xirtdəyə çıxanda bir qonşu əlinə bir nəlbəki qovut alıb gedir qonşusunun evinə. Darvazanı döyür. O evin yiyəsi də qarı təmizləyə-təmizləyə gedir darvazaya tərəf ki, görsün kimdir qapını döyən. Qapını açanda görür qonşusudur, əlində də balaca nəlbəkidə qovut. O boyda həyəti qarı yara-yara gəldiyinə, bu qovut üçün çalışdığını görəndə ev sahibi hirslənir və nəlbəkini alıb qovutu üfürür, dağıdır qarın üstünə, sonra da qonşusuna deyir: "Allah qəbul eləsin!" İndi mən də həmin deputata üfürürəm, deyirəm: "Allah qəbul eləsin!". Bilirəm, İsrailin Azərbaycandakı səfiri dediklərimi eşidəcək, görəcək. Səfirə deyirəm: o yazıq deputatın pulunu çox elə. Çünki mənliyini, heysiyyatını, şərəfini, azadlığını, ləyaqətini İsrailin puluna qurban verib. O yazıqdır, ona yaxşı pul ver!”, - sitatın sonu.
Bəlkə də Azərbaycan oxucusu İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilini yaxşı tanımır.
O, Azərbaycan xalqına düşmən gözü ilə baxan, xalqı aşağılayan cahil mollaların sifətidir. Daha doğrusu sifətlərindən biridir.
Rəsmi Bakı İran İslam Respublikasına nə qədər dost münasibət göstərsə də, azərbaycanlılara, türklərə qarşı nifrət bəsləyən Amili kimi nadan mollalar mehriban qonşuluq siyasətinə kölgə salır.İranın ali dini lideri Xamneyinin nümayəndəsi deyir ki, Azərbaycan İsraildən pul alır. Amiliyə deyən lazımdır, birincisi, sən din xadimisən, siyasətdə nə itin azıb? İkincisi, Azərbaycan özü müxtəlif dövlətlərə pul verir, kredit ayırır. Sanksiyalar altında inləyən, iqtisadiyyatı bərbad vəziyyətdə olan İrandır! Azərbaycan XXI əsrin ilk modern müharibəsində qalib gələn dövlətdir. Onun hansısa dövlətin puluna niyə ehtiyacı olsun ki? Yoxdur belə bir şey, heç vaxt olmayıb və bundan sonra da olmayacaq!
Azərbaycan müharibə şəraitində yaşayan dövlət kimi silahlanmaya ehtiyac duyurdu. Tehran Bakının müraciətinə rəğmən “Şahab” raketlərini satmadığı halda, İsrail Azərbaycana “Lora” raketlərini verməkdə heç bir tərəddüd etmədi. Azərbaycan raket alışı ilə bağlı İsraildən əvvəl, qonuşusu İrana müraciət etmişdi. Tehran isə Bakının müraciətini müsbət cavablandırmadı. Azərbaycan nə etməli idi? İran mollalarının nazını çəkməli idi? Təbii ki, yox! Milli maraqları heç bir qüvvəyə qurban vermək olmaz! İran öz maraqları üçün Ermənistana açıq dəstək verir, Azərbaycanın düşməninə nəfəslik rolunu oynayır. Azərbaycan niyə öz maraqlarına uyğun qərarlar qəbul etməməlidir? Bakı hələ Amili kimi mollaların çıxışlarına təmkinli yanaşır, hələ də ümid edir ki, Tehran onları susduracaq, əndazəni aşmamağa çağıracaq.
Amilinin çıxışına diqqət etsək görərik ki, o, Azərbaycanı SEPAH-la təhdid etməklə yanaşı, vətəndaşlarımızı da açıq təhqir edir. Cənublu həmvətənlərimiz həmişə İran mollalarının təhdidinə və təhqirinə adekvat cavab verib və onlara yerlərini göstərib. Ümid edirik ki, cənubdakı həmyerlilərimiz Amilinin təhqirlərinə də dözməyəcək, ona və digərlərinə sərt cavab verəcəklər. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan daxilində nüfuzlu ruhanilərdən heç biri İran mollalarının təhdidinə reaksiya vermir, görməzdən gəlir! Səbəb nədir? Onlar niyə susur? Həmin ruhanilər milli maraqlarımızı təhdid edən, xalqımızı SEPAH-la hədələyən Amili kimi boşboğaz mollalara nə vaxt yerini göstərəcəklər?
“Xameneyinin fətvası bizi Qarabağda qələbəyə çatdırdı” deyən, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə niyə İran mollasının açıqlamasına reaksiya vermir? Olmaya Amilinin mövqeyini bölüşür, onun fikirlərini dəstəkləyir? Xameneyinin olmayan fətvasını Azərbaycan cəmiyyətinə sırımağa çalışan Şeyx həzrətləri, xalqımızı təhdid edən mollanın ağzının payını verməyə niyə həvəs göstərmir? Suallar çoxdur və təəssüf ki, onların heç birinə cavab tapa bilmirik. Qafqaz müsəlmanı olaraq başa düşə bilmirik ki, dini idarəmizin rəhbəri niyə bizi müdafiə etmək istəmir? Bizə hələ də aydın deyil ki, hörmətli Şeyximiz hansı səbəbdən İran mollalarından qorxur? Yəqin ki, nəhayətdə bütün bu sualların cavabı, Şeyxin müəmmalı sükutunun bir izahı olacaq. Bu ölkədə Şeyxin dini maraqları MİLLİ MARAQLARIMIZDAN üstün ola bilməz! Şeyximiz əmin olsun ki, onun özündən başqa Azərbaycanda İranın təhdidlərindən, topundan-tüfəngindən heç kəs qorxmur. Dünyanın ən güclü silahı bizdədir. Adı da DƏMİR YUMRUQDUR!
Missiya.Az