AZ   |   RU
Qida zəhərlənməsi zamanı nə etmək lazımdır?- Toksikoloq açıqladı

 

Zəhərlənmə - orqanizmə zəhər və ya toksinlərin düşməsi ilə meydana gələn xəstəlik növüdür. Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu miqdarda toksik maddə daxil olur. Daxilolma təkcə mədə-bağırsaq yolu ilə deyil, həm də tənəffüs sistemi, dəri, inyeksiya və s. yollarla mümkündür.


Son zamanlar da qida zəhərlənmələrinin sayı artıb. Hətta bu zəhərlənmələr kütləvi xarakter daşıyır. Ötən gün də Zaqatala rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. 


Bəs görəsən qida zəhərlənmələri zamanı nə etmək lazımdır?


Mövzu ilə bağlı Kliniki Tibb Mərkəzin baş toksikoloqu Azər Maqsudov ilə əlaqə saxladıq. 


O Missiya.Az-a bildirdi ki, qida zəhərlənməsi xarab olmuş və ya keyfiyyətsiz qidalar yedikdən sonra baş verən həzm xəstəlikləridir. Ən çox görünən əlamətlər həzm sisteminin (mədə və bağırsaq) pozğunluğundan yaranan qusma, ürək bulantısı, qarın ağrısı və ishaldır:


“Qida zəhərlənmələri zamanı mədə-bağırsaq nahiyəsində diskomfort, köp, ürəkbulanma, bəzi hallarda qusma, bədən hərarətinin qalxması müşahidə olunur. Bu zaman mədənin yuyulması əsas göstərişdir. Sonra bağırsağın imalə olunması, yəni təmizlənməsi lazımdır. Əgər bədənin hərarəti 38 °C , 38°C - dən çox yüksəkdirsə həm antibiotik təsirli, həm də probiotik təsirli dərmanlar mütləq həkimin nəzarəti ilə təyin olunmalıdır”.


Həkim onu da vurğulayıb ki, hər bir qida zəhərlənməsi səbəbindən asılı olaraq müddətləri fərqlidir. Qida zəhərlənmələrinin çoxunda isə 12-48 saat içərisində narahatlıq hiss olunur.

Qida zəhərlənmələrinin əksəriyyəti həkimə getmədən bir neçə günə keçə bilir. Lakin narahatçılıq bir neçə gündən sonra da davam edərsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Unutmayın ki, həkim məsləhəti olmadan yanlış müdaxilə etmək səhhətinizdə bir sıra fəsadlara yol aça bilər.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 8-05-2024, 17:31