AZ   |   RU
Düzgün eynək seçimi necə olmalıdır? - AÇIQLAMA


İnsanlar fərqli məqsədlər üçün eynəklərdən istifadə edir. Görmə zəifliyi səbəbindən, kompüter və telefon şüaları gözə mənfi təsir etməsin deyə, yaxud da günəşdən qorunmaq üçün gün eynəkləri taxılır. Eynəyin düzgün seçilməsi çox önəmli amildir. Bəs keyfiyyətli seçim necə olmalıdır? Bəziləri qiymətə önəm verərək bahalı eynək alır, digərləri isə həkim məsləhəti ilə almağı üstün tuturlar.

Oftalmoloq Aynurə Əliyeva Missiya.Az-a açıqlamasında deyib ki, eynəyin üz quruluşuna uyğun olması önəmlidir:

“Diqqət etmək lazımdır ki, nə çox böyük, nə də çox dar olmasın. Dar olsa qulaqlıqlar baş ağrı verə bilir, sıxır və izi qalır. Boş olsa fokos nöqtəsi üzüaşağı düşəcək və bu nöqtə düzgün olmadığından görməyə də təsir edəcək. İstər optik, istərsə də kompüter üçün istifadə olunan eynəklər bir az geniş olmalıdır. Xüsusilə optik eynəklərdən uzağı görmək üçün istifadə olunursa enli olması tövsiyə olunur ki, geniş görmə sahəsini təmin etsin. Yaxından görmə istifadə üçün təyin olunanlar dar çərçivəli olmalıdır”.



Həkim bildirib ki, eynəyi kompüterdən qorunmaq məqsədilə taxırıqsa, bu da üz skeletinə uyğun olmalıdır:

“Geniş görmə sahəsini təmin etməsi üçün bir az enli olsun. Modelin dairəvi, dördbucaq, uzunsov olması önəmli deyil . Əsas odur ki, göz kənardan baxarkən onun tam ön səthində olsun”.

Hər birimiz bilirik ki, gün eynəkləri sadəcə aksessuar deyil, sağlamlığı və gözəlliyi qoruyub saxlamağa kömək edən zəruri bir əşyadır. Sözügedən eynəkləri payız və qış aylarında belə taxmaq tövsiyə olunur. Xüsusilə də, yaz və yay aylarında.

Aynurə Əliyeva əlavə edib ki, günəş eynəklərini isə seçərkən mütləq günəşdən qoruyuculuq funksiyasına diqqət yetirməliyik. Şüalardan qoruyan spektr da 365 və ondan üstdə olmalıdır:


“Eynək yayda istifadə olunduğundan onun çərçivəsinin bütün qaşı göz qapaqlarını, göz ətrafı yumşaq toxumaları əhatə etsin. Bir sözlə enli çərçivə seçmək tövsiyə olunur. Doğru çərçivə seçməkdən savayı düzgün qulluq edilməsini də həmişə təkidlə deyirik. Eynəyin üstündəki linzanın, şüşənin fokos nöqtəsinin tən ortasından keçən cızıq görməyə təsir edir və pasiyent gözünün zəiflədiyini düşünür. Eynəklər qablarda düzgün formada yerləşdirilməlidir. Masa üstündə qoyulanda qulaqlıqları üstündə olsun . Şüşə heç bir şeylə təmasda olmasın ki, cızılmasın. Xüsusi yuyucu vasitələr var ki, onlarla, ya da heç yoxdursa qabyuyan maye ilə yumaq və xüsusi salfetka var ki, onunla təmizləmək lazımdır. Kağız parçası, kobud dəsmal, sərt parçadan hazırlanmış paltarların kənarı ilə silinəndə eynəkdə cızıq yarana bilər. Spirtli məhsullardan istifadə etmək də tövsiyə olunmur”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 17-04-2024, 10:45