AZ   |   RU
Xəlil Rza Ulutürkün mitinqdə təriflədiyi DTK əməkdaşı... - AYDIN ƏLƏKBƏROĞLU KİM OLUB?

Azərbaycan xalqı hər zaman ləyaqətli, şərəfli oğulları ilə qürur duyub. Tarixin ən çətin dönəmində mərd oğullarımız öz sinələrini irəli verib və xalqımızın yolunda sipər olublar. Azərbaycanın dövlətçiliyinin var olmasında  görünən və görünməyən qəhrəmanlarımız tarixi missiyalarını qürurla yerinə yetiriblər.

Belə şəxsiyyətlərdən biri Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatçısı Aydın Ələkbəroğlu (Abdullayev) olub. Təəssüf ki, belə dəyərli şəxsiyyət haqqında internetdə axtarış apararkən heç bir məlumata rast gəlmədim. Yaxşı ki, bu günlərdə tanınmış alim Nəriman Qasımoğlu Aydın Ələkbəroğlu haqqında paylaşım etmişdi. Paylaşımın şərh bölmələrində onlarla insan Aydın Ələkbəroğlu haqqında xoş fikirlərini bölüşüblər. Mən də Aydın Ələkbəroğlunu yaxından tanıtmaq üçün onu haqqında yazılanları sistemləşdirib, oxuculara təqdim etmək qərarına gəldim.

Tanınmış alim Nəriman Qasımoğlu paylaşımında yazır...

“Bu gün (red-28 mart) Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramıdır. Səni, əziz insan, təkrarən xatırlamağa bu da bir bəhanədir. İşıqlı xatirən unudulmazdır. Təbəssümünü, zarafatlarını, ədalarını, xeyirxahlığını, mərdliyini doğmalıqla xatırlayıram. Təkcə mən yox, səni tanıyanların hamısı... Sovetlərin çətin illərində orqanlarda işləyəsən, arxanca danışan biri tapılmaya və haqqında hər zaman yalnız xoş sözlər danışıla...

Xəlil Rza Ulutürkün 20 yanvar faciəsindən sonrakı mitinqlərin birində ucadan səsləndirdiyi sözlər hələ də qulağımdadır: "Yaşasın DTK-nın cəsur əməkdaşı, igidlərimizi iri cüssəli, sarışın slavyan əsgərlərinin cəngindən qoparıb xilas edən Aydın Ələkbəroğlu!"

Yazıçı dostlarının qəlbində işıqlı bir yerin var. Sənin həyatda da ən yaxınların elə yazıçılar olub: Abbas Abdulla, Əhəd Muxtar, Eldar Baxış, Səyavuş Məmmədzadə - ruhları şad olsun - , Seyran Səxavət, Akif Əhmədgil...

Səməndər Rzayevlə, Arif Quliyevlə də dostluğun bir ayrı aləm idi... Ədəbiyyata isə ümumilikdə Qasım Qasımzadə dünyasından uğurla yola çıxmışdın, ruhlanmışdın... Ruhuna salam olsun, əzizim, doğmam Aydın!”,- deyə N.Qasımoğlu fikirlərini oxucuya çatdırıb.

Alim Aydın Ələkbəroğlunu tərcümeyi-halına və bədii yaradıcılığına nəzər salır, oxucuları yaxından tanış edir:

“Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964-1970). Misirdə (1967) və Yəməndə (1970-1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.

Ədəbi yaradıcılığa 1966-cı ildə «Göyərçin» jurnalında dərc etdirdiyi «Təəccüblənmə, Elxan» adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara «Nübar» (1980), «Dağlar o dağlar deyil» (1984), «Gərək belə olmayaydı» (1988) və b. kitablarını təqdim etmişdir.

Qısa bir ömür yolu keçmiş yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir.

Tərcümələri sırasında dünya ədəbiyyatından nümunələr də var: "Dünya uşaq ədəbiyyatı" seriyasından Qrim qardaşlarının nağılları, Pivovarovun «Üç minus və ya 5a sinfində əhvalat" povesti, Yanuş Korçakın "Kral Birinci Matiuş" əsəri, Saya Kazisin "Taxta başmaqlar" hekayələr toplusu, Stendalın məşhur «Qırmızı və qara" romanı...”.

Uzun illər Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı olmuş, ehtiyatda olan polkovnik siyasi şərhçi Elşad Həsənov Aydın müəllim haqqında xoş xatirələrini bölüşüb:

“Aydın müəllim ziyalı insan idi. Sovetlər dönəmində Azərbaycan Yazıçılar Birliyinin kuratoru olmuşdur. Ziyalılarla xoş münasibət qurmuşdur. Onlarla tez-tez mədəni-bədii məclislər təşkil edirdi. Yazıçılıq qabiliyyəti var idi. Bir neçə əsəri tərcümə etmişdir. Əsl ziyalı və peşəkar əks-kəşfiyyatçı olub. Azərbaycan xalqının ən çətin vaxtında yanında olan Dövlət Təhlükəsizlik Komitəsinin vətənpərvər əməkdaşlarından idi. Bu gün onun xatirəsi xoş təəssüratlarla xatırlanır”.

Feysbukda Azər Məmmədov adlı istifadəçi Aydın Abdullayev haqqında xoş xatirələrini bölüşüb:

“Aydın Abdullayev 1990-cı illərdə Salyanda DTK (KQB) rayon şöbəsinin rəisi işləyib. Tutduğu vəzifənin adı bir az ağır olsa da, çox sadə, mehriban, xeyirxah bir insan, Salyan ziyalılarının, bütün rayon əhalisinin sevimlisi olmuşdur. O, çətin və ziddiyyətli dövrdə vəzifəsinə görə nə qədər çətin olsa da, xalqın yanında olmuş, vətənpərvərlik nümayiş etdirmişdir. Bu gün də Salyan camaatı haqlı olaraq onu böyük hörmət və ehtiramla xatırlayır. Allah rəhmət eləsin”.

Tanınmış jurnalist Hidayət Elvüsalı şərhində onu yazıçı, gözəl insan kimi xatırlayır:

“DTK-da işləyərkən bir erməni çetesini darmadağın etmişdi. Az.TV-də o alçaqların ilk və məhkəmə istintaqını göstərmişdilər. Bu erməni terrorçuları Bakıda təhsil alan xarici ölkə vətəndaşını öldürüb, pullarını götürmüşdülər. Və o pulları yeyib-içməyə, kef məclislərinə sərf etmişdilər. Həmin terrorçuları Aydın ifşa etmişdi. Allah rəhmət eləsin”.

Tanınmış tənqidçi Qurban Bayramov Onu adına layiq şəxsiyyət kimi xatırlayıb:

“Aydın adına layiq insan idi... Xeyli müddət tanış olsaq da, rəhmətlik Fəxrəddin Qasımzadənin hüzründə elə bil doğmalaşdıq... Qonşum Eldar Baxışla dostluğu da bu münasibətləri intensiv edirdi...

Şirin, məzmunlu, realist detallarla zəngin olan nəsr əsərlərinin müəllifi kimi tanınırdı...

Yaradıcılığı barədə bir neçə dəfə radionun ədəbi verlişlərində çıxışlarım olubdur...

Allah rəhmət eləsin...”.

Bəli, belə şəxsiyyəti cəmiyyətə tanıtmaq vacibdir. Gənclərimiz onların həyat yoluna nəzər salmalı və özlərinə örnək seçməlidirlər. Aydın Ələkbəroğlu da belə şəxiyyətlədən olub.

Elnur ELTÜRK



  • 10-04-2024, 21:33