AZ   |   RU
Rusiya Ermənistan ərazisini ilhaq edə bilərmi? - Moskva-İrəvan münasibətləri kritik həddə

 
2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişiklərdən sonra küçə mitinqləri və Qərbin dəstəyi ilə hakimiyyətə gələn ölkənin baş naziri Nikol Paşinyan ilk günlərdən İrəvanın əsas müttəfiqi hesab edilən Rusiyaya qarşı siyasi xətt yürütməyə başladı. Bu isə Nikolun iradəsindən irəli gələn bir məsələ yox, qərbli ağalarından aldığı təlim idi. Ermənistanla Rusiya arasında münasibətlər 44 günlük müharibədən sonra daha çox kəskinləşməyə başladı. Belə ki, erməni tərəfi müharibədə məğlub olmalarının səbəbini Rusiya ilə əlaqələndirməyə başladılar. Və əsasən də KTMT-nin onları müdafiə etməməsini əsas gətirərək anti-Rusiya yönümlü çıxışlarla yadda qaldılar.

Sözsüz ki, iki ölkə arasında soyuq münasibətlərin davam etdiyi bir vaxtda Nikolun Fransa mətbuatına verdiyi açıqlamasında Ermənistanın KTMT-dəki iştirakını dondurması bəyanatı Moskva və İrəvan arasında iplərin qoparmasına gətirib çıxardı. Ermənistan baş nazirinin bu bəyanatından sonra Parisə səfər edərək, Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı aldığı “vəd”lər onda hansısa cəsarət yaradıb.

Hətta Paşinyanın Makronla Rusiyanın Gümrüdəki 102-ci bazasından çıxarılması barədə fikir mübadiləsi apardığı barədə də məlumatlar paylaşılır. Çox ehtimal ki, Nikol Gümrüdəki hərbi bazadan Rusiya qoşunlarının çıxarıb yerinə isə Qərb hərbi bazasının yerləşdirilməsi fikrinə gəlib. Ancaq Ermənistan baş naziri deyəsən Rusiya hərbi bazasının 2044-cü ilədək ölkədə qalacağı ilə bağlı razılaşmanı unudub. Kreml rəsmiləri də Rusiya hərbi bazasının 2044-cü ilə qədər Ermənistanda qalmaları barədə dəfələrlə İrəvanı xəbərdar ediblər.

Nikolun KTMT ilə bağlı səsləndirdiyi bəyanatdan sonra Rusiya rəsmiləri də buna münasibət bildiriblər. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Gümrünün əvvəlki adı Aleksandropol olub. Bu isə İrəvana sətraltı verilən mesaj da ola bilər.

Görünən odur ki, Qərbdən göstəriş alan Paşinyan Rusiya ilə bütün körpüləri yandırmağa qərar verib. Bu isə Ermənistana ağır başa gələ bilər. Buna misal olaraq, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin və Ukrayna dövlət başçısı Volodimir Zelenskinin düşdüyü ağır vəziyyətləi göstərə bilərik. Hər kəsə məlumdur ki, Kreml xəyanəti bağışlamır və çox ehtimal ki, Paşinyanı da qarşıda çox ağır aqibət gözləyir. Gürcüstan və Ukraynaya qoşun yeridib bir sıra əraziləri ilhaq edən Rusiya bu cür ssenarini Ermənistanda da təkrarlaya bilər. O zaman isə Ukrayna və Gürcütsanda Rusiyanın qarşısını ala bilməyən Qərb meydanda Ermənistanı öz talehinin ümidinə buraxmalı olacaq.

Daşqın Həsənov
Missiya.Az



  • 27-02-2024, 15:28