AZ   |   RU
AFFA-dan “Qarabağ”la bağlı gözlənilməz addım - Qurban Qurbanovu riskə atdılar



Azərbaycanın Avrokuboklarda yeganə təmsilçisi “Qarabağ”   1/8 final mərhələsində “Bayer”lə çətin oyun çərçivəsində riskli vəziyyətlə üzləşib. Belə ki, “ Qarabağ” rəhbərliyi Avroliqadakı ağır oyunu nəzərə alaraq futbolçulara istirahət vermək məqsədi ilə “Qəbələ” və “ Neftçi” ilə daxili oyunların təxirə salınması üçün AFFA-ya müraciət edib. Lakin AFFA oyunların artıq planlaşdırıldığını əsas göstərərək müraciəti müsbət dəyərləndirməyib.

“Qarabağ”ın baş məşqçisi mətbuata verdiyi müsahibədə “Qəbələ” və “ “Neftçi” ilə oyunların təxirə salınmasının əhəmiyyətindən danışıb. “Braqa” ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar...” deyən Qurbanovun müsahibəsindən aydın olur ki, “Bayer” lə oyuna hərtərəfli şəkildə hazır olması üçün “AFFA” “Qarabağ”a şərait yaratmır. Kolxoz turniri təsiri bağışlayan Misli Premyer Liqasının oyunlarının təxirə salınması niyə bu qədər problemli olmalıdır axı? Azərbaycan adını Avropada təmsil edən bir klubu riskə atmaq AFFA-nın nəyinə lazımdır?  “Qəbələ” və “Neftçi ilə oyunlarda “Qarabağ”ın aparıcı futbolçuları zədələnərsə, komandamız Alman maşınının qarşısına necə çıxacaq? Yaxud əlavə fiziki yük altına girən futbolçulardan “Bayer”lə oyunda performans gözləmək olarmı? Belə çıxır ki, AFFA-ya “Qarabağ”ın “Bayer”lə qarşılaşması yox, “Qəbələ” və “Neftçi” ilə oyunları vacibdir. Maraqlıdır AFFA Azərbaycan futbolu adına şərəf gətirən, “Qarabağ Azərbaycandır” nidasını Avropa meydanlarına daşıyan  bir komandanı niyə risk altına atır? Misli Premyer Liqasının iki oyununu təxirə salmaqla AFFA-da kimin başına daş düşəcək?

Yəqin çoxları razılaşar ki, “Qarabağ”ın Avropadakı oyunları indi Milli komandamızın qarşılaşmalarından da əhəmiyyətlidir. Çünki millimizdən fərqli olaraq “Qarabağ” öz uğurları ilə ölkə futboluna reytinq qazandırır. Yəni Millimizin, faktiki olaraq isə AFFA-nın edə bilmədiyini “Qarabağ” edir. Bax, bütün bunları nəzərə alaraq, “Qarabağ”a “Bayerlə” oyunda uğur əldə etməsi üçün lazımi dəstək verilməli, hazırlıq üçün hərtərəfli şərait yaradılmaldır. Odur ki, sualımız aktualdır: AFFA “Qarabağ”ın “Bayerlə oyunda uğur qazanmasını niyə istəmir?

Elcan
Missiya.Az



  • 26-02-2024, 14:10