AZ   |   RU
Məşhur idman ustasının dəfni üçün yer ayrıldı – Aydın İbrahimovla vida mərasimi sabah keçiriləcək

Koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun sabiq prezidenti, dünya şöhrətli idman ustası Aydın İbrahimovun dəfn edilməsi üçün yer ayrılıb. 

Mərhumun ailəsindən Missiya.Az-a verilən məlumata görə, Aydın İbrahimov Yasamal qəbristanlığında dəfn ediləcək. 

Mərasim sabah saat 12:00-da keçiriləcək. 

Aydın İbrahimov ötən gün gecə saatlarında müalicə aldığı klinikada vəfat edib. 

Xatırladaq ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi”nin prezidenti olub.

SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi olan Aydın İbrahimov həmçinin dünya və Avropa çempionatlarında medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazdırıb. Gəncə güləş məktəbinin yetirməsi SSRİ dönəmində Olimpiadada da fəxri kürsüyə qalxan yeganə güləşçimiz olub. Sərbəst güləşdə 57 kq-da dünya (Helsinborq-1963) və Avropa çempionu (Karlsrue-1966) ünvanına sahib çıxan titullu pəhləvanımız Olimpiya Oyunlarının (Tokio-1964) bürünc medalını əldə edib. Həmçinin dəfələrlə SSRİ çempionatının qalibi və mükafatçısı olub.

  • 3-09-2021, 18:43