Balaca İsveçrənin görməli yerləri çoxdur. Tarixə, mədəniyyətə xüsusi həssaslığı ilə seçilən bu ölkədə yüzlərlə muzey var. Bu yazımda İsveçrənin 26 kantonundan biri olan fransızdilli Waadt-da yerləşən “Chaplin`s World” (Çaplin dünyası) adlı muzeydən söhbət açacam. 20 ildir ki İsveçrədə yaşayıram. Ancaq heç vaxt bu muzeydə olmamışdım. Bu dəfə qərarımız qəti idi. Mən, xanımım və 10 yaşlı oğlum Lozannaya yollandıq. Oradan isə yaxınlıqdakı muzeyə gedəcəkdik.
Əlbəttə, mən onun haqqında çox oxumuşdum. Bilirdim ki, Londonda doğulan Çarli Çaplin (1889-1977) əyyaş Çarlz Çaplin və psixi problemlərdən əziyyət çəkən Hanna Çaplinin oğludur.
Rejissor, aktyor, ssenari müəllifi, komediya ustası, bəstəkar kimi tanınan Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o, küçə uşağı rolunu uğurla oynayır. Sonradan dünyaca məşhur olan Tramp rolu da küçə ilə assosiasiya olunur. Tramp rolu Çaplini bütün dünyaya sevdirir. 88 yaşında dünyasını dəyişən aktyor ömrünün 83 ilini qısa fasilələrlə səhnədə keçirir.
Balaca Çarli öncə içkidən dolayı ciyərləri sıradan çıxan 38 yaşlı atasını itirdi. Bir il sonra-14 yaşında anası dəlixanaya yerləşdirilən Çaplin 19 yaşında “Fred Karno” şirkəti ilə müqavilə bağlayır və aktyorluq fəaliyyətini davam etdirmək üçün ABŞ-a yola düşür. Elə o vaxtdan da kasıblıq və səfalətlə vidalaşır. 1918-ci ildə- o vaxt onun 30 yaşı vardı- Çarli Çaplin dünyanın bir nömrəli aktyoru kimi şöhrət qazanır. Boyu balaca olan Çaplin aktyor kimi səssiz filmlər erasının ən nəhəngi idi.
1977-ci ilin oktyabrında Çarli Çaplinin səhhəti o dərəcədə pisləşdi ki, yanında günün 24 saatı ərzində tibb bacısı olmalıydı. Onun daimi qayğıya ehtiyacı yarandı. 25 dekabr 1977-ci il səhər tezdən Çaplin yuxusunda insult keçirərək evində vəfat etdi. Dekabrın 27-də keçirilən dəfn mərasimi onun istəyinə uyğun olaraq kiçik və anqlikanlara xas mərasimlə yekunlaşdı. Çaplin İsveçrənin “Corsier-sur-Vevey” qəbiristanlığında dəfn edildi. Film sənayesinin öndərlərindən olan rejissor René Clair yazırdı: "O, kinonun bütün ölkələrdə və bütün zamanlarda abidəsi idi... kinonun bizə verdiyi ən gözəl hədiyyə də onun özü idi".
Aktyor Bob Hope: "Biz onunla eyni dövrdə yaşadığımız üçün çox şanslıyıq”.
Çaplin dul qadınına 100 milyon dollardan çox vəsait qoyub bu dünyadan getdi.
Çaplinlə bağlı bu fakt isə unikal hesab oluna bilər: 1 mart 1978-ci ildə Çaplinin tabutu iki polyak fəhlə-Roman Vardas və Qanço Qanev tərəfindən qazılaraq məzarından oğurlandı. Cəsədin onun dul arvadı Oona Çaplindən pul qoparmaq qarşılığında geri verilməsi nəzərdə tutulurdu. Cinayətkar cütlük may ayında böyük bir polis əməliyyatı zamanı tutuldu və Çaplinin tabutu yaxınlıqdakı Noville kəndindəki tarlada torpağa basdırılmış vəziyyətdə tapıldı. Çarli Çaplinin tabutunu əvvəlki yerinə qaytardılar. Gələcəkdə bu kimi oğurluqların qarşısını almaq üçün tabutu dəmir-beton materiala bələyib əvvəlki yerinə qoydular.
Mavi gözlü Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb. Solaxay olan Çaplin fotosu “Time” jurnalının üz qabığında çıxan ilk aktyor idi.
O, Amerikada 40 ildən çox yaşasa da oranın vətəndaşlığını qəbul etməyib. Özünü dünya vətəndaşı adlandırıb və həmişə Böyük Britaniya vətəndaşı olub.
Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.
18 sentyabr 1952-ci ildə Çarli Nyu-Yorkda öz ailəsi ilə birlikdə “Queen Elizabeth” gəmisinə mindi. Ertəsi gün Amerika Birləşmiş Ştatlarının Baş prokuroru Ceyms P. Makqreneri Çaplinin Amerikaya giriş icazəsini ləğv etdi və bildirdi ki, o, ABŞ-a yenidən daxil olmaq üçün siyasi baxışları və əxlaqi davranışları ilə bağlı istintaqa ifadə verməli olacaq. McGranery mətbuata "Çaplinə qarşı əlimizdə olduqca tutarlı faktlar var" desə də, bu, sadəcə, yalan idi. Belə ki, 1980-ci illərdə açıqlanan Federal Təhqiqat Bürosunun üzərindən məxfilik götürülən sənədlərinə əsasən, ABŞ hökumətinin Çaplinin yenidən ölkəyə daxil olmasının qarşısını almaq üçün heç bir tutarlı sübuta malik olmayıb. Çox güman ki, Çarli Çaplin Amerika dövlətinə rəsmən müraciət etsəydi, o, Amerikaya yenidən daxil ola bilərdi. Bununla belə, Çaplin bu xəbəri ona bildirən bir teleqram aldıqdan sonra ABŞ-la əlaqələrini kəsmək qərarına gəldi: “O bədbəxt ölkəyə yenidən daxil olub-olmamağım mənim üçün az əhəmiyyət kəsb edir. Mən onlara demək istərdim ki, mən bu nifrət dolu atmosferdən nə qədər tez qurtulsam, bir o qədər yaxşıdır, Amerikanın təhqirlərindən və mənəvi lovğalığından bezmişəm”.
Bütün əmlakı Amerikada qaldığı üçün Çaplin mətbuata insidentlə bağlı mənfi bir şey söyləməkdən çəkindi. Dünya miqyaslı qalmaqal böyük çaxnaşma yaratdı. Lakin Çaplin və onun filmi Avropada hərarətlə qarşılanmaqda idi. Amerikada isə ona qarşı düşmənçilik davam edirdi. O vaxt yerli mətbuat yazırdı ki, Amerikanın ulduz aktyorlarının tarixində ən dramatik hadisə Çaplinlə bağlıdır. FBİ-ın şefi C. Edqar Huver Çaplinin əleyhdarlarından biri idi, o Çaplini Amerikada yaşamaq hüququndan məhrum etmək istəyirdi. Onu da qeyd edək ki, hələ 1947-ci ildə Çaplin ingilis həftəlik qəzetində "Mən Hollivuda müharibə elan edirəm!" adlı məqaləsini çap etdirdi. Bu, məqalə də ona olan rəsmi münasibətin daha da pisləşməsinə təkan verdi.
Çarli Çaplinə Amerikada rəsmi münasibətin bu qədər kəskinləməsi onun liberal siyasi baxışları ilə bağlı idi. Bəziləri hətta onu kommunist adlandırırdı. SSRİ ilə ABŞ arasında yaşanan “soyuq müharibə” dönəmində Çaplin kimi meqa-populyar birisinin solçu baxışlara malik olması Amerika üçün məqbul sayıla bilməzdi. Çarli Çaplinin kommunistlərin nəzarətində olan Ümumdünya Sülh Şurası tərəfindən Beynəlxalq Sülh Mükafatına layiq görülməsi, Çinin baş naziri Zhou Enlai (1949-1976) və SSRİ-nin rəhbəri Nikita Xruşşovla (1953-1964) görüşməsi kapitalist Qərbin ona olan inamsızlığını gücləndirdi. Siyasi baxışlarına aydınlıq gətirmək istəyən Çaplin deyirdi: "Siyasətə gəlincə, mən anarxistəm. Mən hökumətə, qaydalara və buxovlara nifrət edirəm... İnsanlar azad olmalıdır”.
Albert Eynşteyn 1931-ci ildə Çarli Çaplinlə görüşəndə ona deyir: “Sizin sənətinizdə məni heyran edən odur ki, siz çatdırmaq istədiyiniz fikri sözlə dilə gətirmirsiz, ancaq bütün dünya sizə çox gözəl başa düşür”.
Buna cavab olaraq Çaplin Albert Eynşteynin “Nisbilik nəzəriyyəsi”nə işarə edərək deyir: “Bu, həqiqətən də belədir. Bütün dünya sizə də heyrandır. Ancaq heç kəs sizin nə dediyiniz başa düşmür”.
İlk dəfə olduğumuz ərazidə xeyli çətinliklə üzləşdik. Muzeyə bileti dəmir yolu vağzalından almışdıq. Orada bizə gedəcəyimiz ünvana hansı marşrutla vara biləcəyimizi əks etdirən xüsusi vərəq verilmişdi. Saat neçədə, hansı dayancaqda hansı marşruta minəcəyimiz qeyd olunmuşdu. Biz avtobusdakı sərnişinlərdən birindən soruşduq ki, Çaplin muzeyinə gedirik. Bizə enəcəyimiz dayanacağı nişan verərsinizmi? Dedilər ki, elə biz də ora gedirik. Həvəslə sizə kömək edərik. Sonra məlum oldu ki, onlar da bu əraziyə bizim kimi ilk dəfədir ki, gəlirlər. Ona görə də muzeydən xeyli kənarda avtobusdan düşməli olduq. Gəldiyimiz yolu bu dəfə piyada addımlamalıyqdıq. Az sonra əks istiqamətdə gələn başqa bir avtobus bizim yanımızda saxladı. Sürücü soruşdu ki, siz muzeyəmi gedirsiz. “Bəli” sözünü eşidən kimi “gəlin, aparım”, dedi. Çox təəccüb etdim. Çünki İsveçrədə heç vaxt avtobus dayanacaqdan kənarda avtobusu saxlamaz. Ancaq bura kənd yeridir. Ola bilər ki, turistlərə yardım məqsədi ilə sürücülərə belə bir göstəriş verilib.
Az sonra biz artıq muzeyin qarşısında dayanmışdıq. Çaplin muzeyi iki mülkdən ibarətdir. Muzeyin əsas hissəsi hesab olunan bina əvvəl balaca olub. Layihənin müəllifləri vəziyyətdən çıxmaq üçün mülkün üst hissəsini olduğu kimi saxlayıblar. Döşəmənin altından isə 4 mərtəbəli əlavə otaqlar tikiblər. Əlbəttə, bunun üçün xüsusi texnologiyadan istifadə olunub. Nəticədə 500 kv.metrlik muzey sahəsi yaranıb. Orada Çaplinin çəkildiyi filmlərin dekorasiyasından tutmuş mini-kino zalına qədər hər şey var. Hər şey o qədər peşəkarlıqla yaradılıb ki, insan özünü başqa bir dünyada-Çaplin dünyasında hiss edir. Çaplinin müxtəlif materiallardan hazırlanmış onlarla fiquru ilə tamaşaya gələnlər həvəslə foto çəkdirir. Dünyanın dörd tərəfindən gələn insanların sıxlığı diqqət çəkir. Çünki bu muzey ucqar bir kənddə yerləşir. Buna baxmayaraq, turistlər, elə yerli sakinlər də Çaplini görmək üçün ora axışırlar.
İkinci mülk isə tamam fərqlidir. Sahəsinə görə daha böyük ikinci mülk olduğu kimi saxlanılıb. Sadəcə, oradakı hər şey indi muzey eksponatı sayılır. O da maraqlıdır ki, muzeyə Çarli Çaplinin oğlu və qızı rəhbərlik edir.
Muzeyin yerləşdiyi mülkləri əhatəyə alan divarlara isə Çarli Çaplinin qanadlı ifadələri yazılıb. Məsələn, “Gözü həmişə ayağının altında olan insan asimana gözəllik verən göy qurşağını heç vaxt görə bilməz”. "Qadın istənilən kişi milyarderi milyonçu edə bilər".Muzeydən çıxdıqdan sonra Çarli Çaplinin dəfn olunduğu qəbiristanlığı da ziyarət etmək istədik. Muzeyin işçiləri bizə gedəcəyimiz ünvanı anlatdılar. Həmin dayancaqda avtobusdan endik. Yerli poçtalyon qadınla qarşılaşdıq. Fransız dilindən başqa dil bilməyən qadınla anlaşmaq zor idi. Onun dediklərindən belə başa düşdük ki, səhv gəlmişik. Piyada getsək qəbiristanlıq buradan ən azı 20 dəqiqəlik məsafədədir. Kor-peşman geri dönməyə qərar verdik. Bu vaxt bizə yaxınlaşan avtobus sürücüsü fransızca bizi anlatdı ki, poçtalyon qadın bizim Çaplinin məzarını ziyarət etmək istədiyimizi deyib. “Qəbiristanlıq elə buradadır. Paçtalyon səhv anladıb. Buradan qəbiristanlığa 2 dəqiqəlik yoldur”, dedi. Biz göstərilən istiqamətə yollandıq. Tezliklə qəbiristanlıqda idik. Adi kənd qəbiristanlığı. Əlbəttə, İsveçrənin səliqə-səhmanı buarada da aşkar görünürdü. Çaplinin qəbrini axtarıb tapdıq. Yaşlı kişi ilə qadın qəbirin qarşısında durub xəyallara dalmışdı. Kim idi onlar? Narahat etmək istəmədik. Çaplinin dəfələrlə kitablarda gördüyüm qəbrinin qarşısında biz də foto çəkdirdik. XX əsrin ən böyük aktyoru balaca kənd qəbiristanlığında öz xanımı ilə yan-yana uyuyurdu.