Bazar ertəsi 17 Mart 2025 / 1:41:34
                    AZ   |   RU
Ən çox şəhid olan cəbhə yoldaşım üçün darıxıram
 

Müharibənin həyat dərslərindən biri də o oldu ki, hər bir şeyin qədrini bilməyi öyrəndim

44 günlük Vətən müharibəsində  bizə Tarixi qələbə sevincini bəxş edələrin hər biri indi təkcə bir ailənin yox, bütün xalqın qəhrəmanınaçevrilib. “İki sahil” belə şanlı və əzmkar Azərbaycan igidlərindən birini - Vüqar Muradovu təqdim edir:

Həmsöhbətimiz Vüqar Vaqif oglu Muradov 1990-cı ilin noyabrın  9-da Bakı şəhərində anadan olub. O, Bakı şəhərində anadan olsa da, əslən Qərbi Azərbaycandandır. 271 saylı tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə Odlar Yurdu Universitetinin Ekologiya fakültəsində oxuyub. Ali təhsilini da başa vurduqdan sonra vətənə borcunu yerinə yetirən Vüqar beş ay əvvəl yenidən hərbi forma geyinib, əlinə silah alıb.

Vüqar Muradov  döyüşlərə yollanma tarixçəsini bizimlə bölüşdü: “Demək olar ki, hər gün müharibənin başlanması və iştirakçı olmağım üçün dua edirdim. General-mayor Polad Həşimov şəhid olandan sonra dövlət başçısı İlham Əliyev gənclərə müraciət edərək bildirdi ki, isətəyənlər könüllü döyüşmək üçün qeydiyyatdan keçə bilərlər. Mən əslən Qərbi Azərbaycandan, Zəngəzur mahalındanam,  oraları görməsəm də, ruhumda, qanımda, ürəyimdə hər zaman Vətən sevdası, torpaq sevgisi var.  Mən bu torpağı, Vətəni qarşılıqsız sevirəm. Sentyabrın 21-i  səhər saat 8 radələrində qapı döyüldü. Məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə apardılar. Dedilər ki, təlimlərə qatılmalısınız. Tam səmimi deyirəm ki, valideynlərimlə halallıq almağa belə, imkanım olmadı. Sentyabrın 22-dən 26-dək təlim keçdik. Döyüşə hazırlıq oldu. Silahdan atəş təlimlərində oldum, maşın da sürdüm, imtahanda 10 hədəfin 4-nü vurdum. Eynəklərim yox idi, gözlərim də zəif görür, yoxsa daha çox hədəfi vurardım.  Təlimdə 14 km məsafə qət eləmişdik. Çox yorğunçuluq idi. Yorulmağı heç vaxt belə hiss etməmişdim. Bizə iki boş giliz verildi. Adımızı, soyadımızı və hansı bölükdə olduğumuzu o gilizin içində yerləşdirəndə artıq bildik ki, bəli, gün o gündür, döyüş başlayır. Əvvəl təbii olaraq hamıda həyəcan hissi olur. İlk dəfə idi ki müharibədəd iştirak edirdik. Buna rəğmən intiqam hissi o qədər güclü idi ki, tədricən həyəcandan heç bir əsər-əlamət qalmadı. Sentyabrın 27-si Füzuli istiqamətində döyuşə başladıq. İlk gün izah edilməyəcək qədər çox çətin oldu. Zaman keçdikcə, doğma torpaglarımızı düşməndən azad etdikcə, heç bir çətinlik hiss etmədik.”

İkinci Qarabağ müharibəsi ömrümün sonuna kimi xatirəmdə yaşayacaq

“İnanın ki, müharibənin heç bir anı unudulmur. Orada yaşadığımız hər gün yaddaşımıza həkk olunub və ömrümün sonuna kimi xatirəmdə yaşayacaq. Füzulinin ardınca Cəbrayılda, Xocavənddə, Xocalıda, Şuşada döyüşdük. Düzdür, əvvəl bir az təlaşlı idik. Lakin sonra qürur,qələbə bu təlaşa üstün gəldi. Biz düşməni cəsarətimizlə məhv edirdik. Əlbəttə, çətinliklərimiz, məhdudiyyətlərimiz oldu.  Bəzən olurdu ki, oturmağa, bir dəqiqə dincəlməyə belə, zaman olmurdu. Bəzən susuz, bəzən də ac olsaq da, ancaq bir amalımız var idi- torpaqlarımızı işğaldan azad etməliyik!  Çünki biz haqq yolundayıq. Vətən anadır, qeyrətdir, namusdur. Biz daim bir övlad kimi ona borcluyuq. Son damla qanımıza kimi Vətənimizi qorumalı, müdafiə etməliyik. Döyüş zamanı şəhidlərimiz oldu. Mən onlarla qürur duyuram. Allah şəhidlərimizə rəhnmət eləsin, qazilərimizə şəfa versin. Şükür, istədiyimizə çatdıq, uğrunda canımızı verməyə hazır olduğumuz müqəddəs vəzifəni yerinə yetirdik- torpaqlarımızı işğaldan azad etdik. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan gəncləri vətənpərvərdir. Gənclərimiz İkinci Qarabağ savaşında çox böyük şücaət göstərdilər, Vətən uğrunda canlarını sipər elədilər".

Nənəsinin qucağında qaçqın düşənlər, tank üstündə torpaqlarımızı azad etdi

“Allah bizə cənnəti yaşatdı. Gün üstümüzdən əskik olmadı. Çünki biz haqq döyüşündə idik. Yəni, Allah bizi qoruyurdu. Müharibə vaxtı cəmi bir dəfə yağışa düşdük, onda da Füzuli istiqamətində idik. Yağışa düşəndə vəziyyət çətinləşirdi. Ermənilər 30 ilə yaxın torpaqlarımızı işğalda saxlasalar da bir dənə də olsun asfalt yol çəkməmişdilər. Mənim vəzifəm baş sürücü idi.  Yollar palçıq olduğundan maşın sürmək də əziyyətli olurdu. Gecələr çox soyuq olurdu. Ön cəbhə işğaldan azad edildikcə, arxa cəbhə tam müdafiyəyə qalxırdı. Sağ olsun dövlətimiz bizi yeməklə təmin edirdi. Xalqımız da daim bizə dəstək oldu. Kimin nəyə gücü çatırdı- papağa, coraba, paltara qədər alıb göndərənlər oldu. Halal olsun xalqımıza! Həqiqətən yaxşı insanların önündə baş əyirəm. Vətəndaş kimi bu torpaqları qorumaq, Vətənin keşiyində dayanmaq bizim borcumuzdur. Hər bir Azərbaycan övladı belə düşünür. Sizi inandırım ki, ermənilər elə düşməndir ki, onlardan hər şey gözləmək olar. Xocalı faciəsinə xatırlayanda bir dha başa düşürük ki, onlar hər cür əclaflığa əl atarlar. Ona görə də son damla qanımız axana, canımızı torpağa tapşırana qədər biz orada savaşacaqdıq və savaşdıq da…“Dəmir Yumruq” əməliyyatı uğurla başa çatdı, torpaqlarımızı işğaldan azad etdik. Nənəsinin qucağında qaçqın düşənlər, tank üstündə torpaqlarımızı azad etdi".

Ən çox şəhid olan cəbhə yoldaşım üçün darıxıram

"Ən çox şəhid olan cəbhə yoldaşım üçün darıxıram.  O mənim əsgərlik vaxtı komandirim olub.  Müharibə vaxtıda bir yerdə idik, amma ayrı taborlarda idik. O, oktyabrın 1-i şəhid oldu. Buna çox üzüldüm".

Mülki həyatım cənnət belə, olsaydı, yenə müharibəni seçib, torpaqları azad etmək uğrunda savaşardım

“Müharibədən öncə “Cahan” Holdinqdə reklamçı vəzifəsində çalışırdım. Şirkət rəhbərliyinə və iş yoldaşlarıma minnətdarlığımı bildirirəm. Onlar müharibə müddətində mənimlə maraqlandılar və qayğı göstərdilər. Ailəm döyüşdə olduğumu döyüş bitəndən sonra bildi. Çünki anam şəkər və ürək xəstəsidir. O buna tab gətirə bilməzdi. Ailə üzvlərim elə bilirdilər ki, mən İmişlidə təlimdəyəm və hələlik ehtiyatdayam. Hansı ki, həmin vaxt Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı,  Xocalı və Şuşa istiqamətində idim.  Döyüşlərdə yaralanmadım, ancaq dişlərim sındı. Ayaqlarım çəkmədə çox qaldı və şişdi . Hazırda da müalicə alıram. Mülki həyatım cənnət belə, olsaydı, yenə müharibəni seçib, torpaqları azad etmək uğrunda savaşardım".

Vətənimi qarşılıqsız sevirəm

“Tanımadığım insanlardan hörmət, sayğı qazandım. Xoş münasibətlər, dostlar-tanışlar artdı. Bu da nəyə desəniz dəyərdi. Müharibənin həyat dərslərindən biri də o oldu ki, hər bir şeyin qədrini bilməyi öyrəndim. Anladım ki, 1 saniyənin belə, hokum böyükdür. Hələ də o anlar kadr kimi keçir gözümün önündən. Yuxumda belə, görürəm. Mina atanın, topun, avtomatın, tankın səsi qulağımdan getmir. Əsgərlərimiz atəşə tutanda Allaha yalvarırdım daha çox atsınlar, torpaqlarımızı işğal edən düşməni qırsınlar.  5 dəfə kəlmeyi-şəhadət gətirmişəm. Ölümlə üzləşsəm də Allah qoruyub. Sağ qalmağı düşünmürsən, çünki döyüşməli və torpaqları azad etməlisən. Vətənimi qarşılıqsız sevirəm. Xankəndini, Xocalını görməyi çox istəyirdim. Düşmən təslim oldu deyə oraları görə bilmədim. Müharibədən sonra zabitlərimizlə, gizirlərimizlə əlaqə saxlayıram. Bu yaxınlarda hətta görüşümüz də oldu. Müharibə günlərini xatırladıq. İnşallah bundan sonra işğaldan azad edilən torpaqlarımızda quruculuq işləri aparılacaq. Mənim isə arzum özümə ev almaq və ailə qurmaqdır. Allah hər kəsi xoşbəxt etsin.”













  • 5-03-2021, 10:35