AZ   |   RU
Kəndçinin torpağını əlindən alan məmur hələ də vəzifədədir - Fotolar

Zərdab rayonunun Çallı kəndində yaşayan Füzuli Əvəz oğlu Süleymanovun mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı bütün sənədləri qaydasında olan Akt adlı təsdiqləyici sənədlə adına edilən torpağının etibarına inandığı məmurlar tərəfindən əlindən alınması faktı üzrə araşdırmalarımız davam edir. 

Həmin dövrdə - 2016-2020-ci illərdə və hazırda Çallı kəndinin bələdiyyə sədri olan Rafiq Umudovla əlaqə saxlayıb. Həm də ona görə ki, Füzuli Süleymanov şikayətində bildirib ki, 4 hektar əlavə torpağını bələdiyyə ondan alıb, keçmiş başçı Lütvəli Babayevin tapşırığı ilə onun adamına verib. 

Lütvəli müəllimin adamı o dövrdən kəndin icra nümayəndəsi olan, hazırda Füzuli bəydən Zərdab rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədovun müşayəti ilə kəndçinin 2,5 hektar sənədli torpağını alıb, əvəzində 12 hektara yaxın sənədsiz torpaq veriblər.

Füzuli Süleymanov redaksiyamıza məhz bu hadisə ilə bağlı şikayət ünvanlayıb. O, aldandığını belə əsaslandırıb: "2016-cı ildə Zərdab rayonunun Çallı kəndinin icra nümayəndəsi işləmiş, hazırda Zərdab rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Ramiz Ağakərim oğlu mənimlə görüşərək o zaman Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Lütfəli Babayevin ailəmə məxsus 2,5 ha pay torpağını almaq istədiyini bildirdi. Əvəzində isə evimə daha yaxın ərazidən torpaq sahəsi verəcəyini söylədi.

Mən bir kəndçi kimi rayonun rəhbərinin təklifindən çıxa bilmədim və dövlət məmuru olan kəndçimizin sözünə inandım. Bizi ailəliklə notariat kontoruna aparan Ramiz Məmmədov torpaq sahəmi o vaxtadək heç zaman üzünü görmədiyim və tanımadığım Aslanov Namiq Nəriman oğlunun adına keçirməyimizin lazım olduğunu dedi. Ondan bu adamın kim olduğunu soruşduqda "İcra başçısının adamıdı. Lütvəli Babayev deyir ki, torpağı bu şəxsin adına keçirin" cavabını verdi. Ramiz Məmmədov pay torpağımızın onlara verilməsinin əvəzində dəyişdirilməsi üçün təklif etdikləri ərazinin sənədini bir həftə ərzində şəxsən gətirib mənə təqdim edəcəyini söylədi. Mən də sadə kəndli düşüncəsi ilə R.Məmmədova inandım. Təəssüflər olsun ki, o zamandan etibarən mütəmadi olaraq bu şəxsə müraciət etməyimə baxmayaraq istifadəmə verilən ərazi mənim adıma sənədləşdirilmədi, müvafiq sənədlər bizə verilmədi, bir sözlə onun mülkiyyətimizə keçirilməsi məqsədli şəkildə yubadıldı".

Dünənki yazıda qeyd etmişdik: Ramiz Məmmədov deyir ki, "mənlik deyil", adam özü sənədlərini düzəltdirməyə cəhd göstərməyib. Halbuki Füzuli bəyə verilən əvəzedici torpağa sənəd düzəltmək mümkün deyil, o ərazi kəndlilərin örüş yeridir, elə kəndlilər də 2020-ci ildə həmin yerə sözün əsl mənasında hücum edib, məskən salıblar. 

Kəndin bələdiyyə sədri Rafiq Umudovla da əlaqə saxladıq. Öncə əlavə 4 hektar bələdiyyə torpağını Füzuli bəyin əlindən alınması iddiasını diqqətinə çatdırdıq, dedi belə hadisə olmayıb. Sonra ümumi şikayətdən söz açdıq, dedi, onluq deyil: "O hadisələrdən sadəcə xəbərim var və həmin prosesdə iştirak etməmişəm. Füzuli bəy kimi yüzlərlə adamın sənədli və sənədsiz torpağı əlindən çıxıb. Camaat həmin ərazilərə girib mal-heyvanlarını otartdılar, Füzuli Süleymanovun da əkini otarıldı. O 4 hektar yerdən isə öz ərizəsi ilə imtina etməli oldu. Həmin dövrdə mən də torpağımdan camaatın xeyrinə imtina etdim”.

Şeksprin Hamlet əsərindəndir: “Olum yə ölüm, budur məsələ” – Cəfər Cabbarlı tərcümə edib. Tələt Əyyubovun tərcüməsindəsə belədir: “Olummü, qalımmı? Sual budur bu...” Torpağı qanadlanıb əlindən uçan Füzuli bəy bu kimi məsələnin düyününə düşərək vahid sual qarşısında qalıb: Aktla təsdiqlənən, bütün səsnədləri qaydasında olan torpağımı alıb, əvəzində heç bir sənədi olmayan torpaq veriblər, o da dəfn olunub. Vəziyyətə baxın ki, torpağın özü də dəfn olunurmuş Lütvəli Babayevin başçı işlədiyi əyyamlarda. Məsələ budur. Sual budur bu. 

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən bəylə də əlaqə saxladıq. Hadisəni danışdıq, cavab verdi ki, ilk dəfədir bu barədə eşidir, çünki vəzifəyə yeni təyin olunub. İttiham hədəfinə çevrilən Ramiz Məmmədovun onun rəhbərliyində təmsil olunduğu icra hakimiyyətinin şöbə müdiri, özü də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olduğunu xatırladanda isə dedi: “Ramiz müəllim 25 ildir dövlət qulluğundadır, yəqin yaxşı işləyib ki, onu hələ də saxlayıblar”. 

Hörmətli müavinə ölkədə min il vəzifə daşıyan yüzlərlə yüksək səviyyəli məmurun ən pis əməllərinə görə kabinetlərindəcə həbs olunduğunu xatırlatdıqda isə “ola bilər də belə şeylər” cavabı ilə kifayətlənməli oldu. 

Davam edirik. Jurnalistika düzü düz, əyrini əyri göstərən cihazdır. Hər bir insan özünü hamı onu tanıdığından lap yaxşı tanıyır. Qəfil güzgüdən səs çıxsa ki, “yoxsa bu ayinədə əyri görürsən özünü” diksinməsin, etiraf etsin ki, əyri görmür, elə əyridir. 

Dünən hazırladığımız yazını Baş Prokurorluğun mətbuat xidmətinə də göndərmişik. Həftənin ilk günü əməkdaşımız vəziyyəti daha dəqiqliklə anlatmaq üçün Baş Prokurorluqda müvafiq şəxslərlə görüşməyə cəhd göstərəcək. Prokurorluqda yeni və şəffaf sistemin yaradılması cəmiyyətin ürəyindən xəbər verir. Biz ədalətə inanırıq, onu Ali baş Komandanın rəhbərliyi ilə Qarabağımızı geri almaqla ən azı regionda   biz bərpa etmişik.

İndi 14 nəfərlik ailənin çörəksiz qalmasına göz yummağımız haqqın sındırılmasına imkan verməyimiz anlamına gələr. Busa ölkə rəhbərinin yürütüduyü mübarək siyasətin tam əksinə işləmiş olar. Belə rəftar yasaqdır – bütün fiziki və mənəvi qanunlarla. 


Ceyhun Musaoğlu 

Rupor.Az

  • 20-08-2021, 15:12