Cümə 16 May 2025 / 21:50:12
                    AZ   |   RU
"Heç bir qüvvə Azərbaycan torpaqlarında təxribatçı planlar qura bilməz" - Ramin Əhmədov
 

“Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına müsahibəsində gələcəyə böyük inam, xalqa və Azərbaycan əsgərinə dərin minnətdarlıq duyğusu hiss olunurdu. Həmişəki kimi, olduqca qətiyyətli idi. Bu müsahibə ilə kifayət qədər ciddi mesajlar da verildi. Bir çox məsələlərə dair cəmiyyətin aydın təsəvvürləri yarandı”.

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına müsahibəsi barədə danışarkən deyib.

Prezident İlham Əliyevin xalqına dərin sevgi nümayiş etdirdiyini və  Azərbaycanın qüdrətlənməsi üçün böyük səylə çalışdığını deyən R.Əhmədov qeyd edib ki, İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirib:  “Cənab Prezident Qarabağı 30 illik düşmən tapdağından azad etməklə Azərbaycan xalqının milli qürurunu, alnımızdakı işğal damğasını silməyi bacarıb, Ümummili Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirib. Digər tərəfdən, Azərbaycan bu illər ərzində ölkə başçısının rəhbərliyi altında böyük transmilli layihlərin əsas iştirakçısına, regionda həlledici söz sahibinə çevrilib”


30 il ərzində beynəlxalq birliyin, xüsusilə Minsk Qrupunun münaqişə və Azərbaycanın işğal altında olan 20 faiz torpaqları ilə bağlı konkret addımlar atmadığını deyən Ramin Əhmədov bildirib ki, Prezident İlham Əliyev heç vaxt dünya birliyinin ədalətsiz mövqeyi ilə barışmayıb. “Bütün dünya şahiddir ki, Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni etdi. Ölkə başçısı bütün beynəlxalq tədbirlərdə Azərbaycanın sülh tərəfdarı olduğunu, qan tökmək istəmədiyini dedi. Amma cinayətkar Ermənistan hakimiyyəti və onun havadarları münaqişənin sülh yolu ilə həll edilməsi üçün heç bir addım atmadılar. Dünya birliyinin və Ermənistanın bu ədalətsiz mövqeyi ilə barışmayan Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə 30 illik işğala son qoydu. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan prezidenti xalq üçün taleyüklü, böyük əhəmiyyət kəsb edən problemlərin həllində qətiyyət, prinsipiallıq , uzaqgörənlik nümayiş etdirir. Azərbaycan bu qələbəyə Prezident İlham Əliyevin rəhbərliyi altında uzun illər həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən hazırlaşırdı”.

Media Qrupunun rəhbəri bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra yeni reallıqlar yaradıb və Ermənistan rəsmi Bakının yaratdığı reallıqlarla barışmalı, təcavüzkar ritorikadan əl çəkməlidir. “Müharibədən sonra Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan şəhərlərindən lentə alınan görüntülər ermənilərin necə dağıdıcı və riyakar xislətə malik olduqlarını bir daha nümayiş etdirir. Hər kəsə məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri işğal müddətində talan edilib, bütün təbii sərvətləri qanunsuz şəkildə istismar olunaraq Ermənistana daşınıb, həmçinin şəhərlər xarabalıqlara çevrilib. Hazırda Azərbaycan ermənilərin işğal müddətində dağıtdığı əraziləri bərpa edir, regionda yeni iqtisadi əməkdaşlıq mühitinin yaradılması üçün çalışır. İndi Ermənistanı idarə edənlər dağıdıcı ritorika ilə danışmamalı, Prezident İlham Əliyevin regionda yaratmaq istədiyi iqtisadi əməkdaşlıq mühitinə töhvə vermək üçün çalışmalı, sülh müqaviləsinin imzalanmasına, “Zəngəzur dəhlizi”nin açılmasına, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə və digər məsələlərin həllinə maneə törətməməlidir. Həmçinin Ermənistan anlamalıdır ki, onun havadarlarının hansı planlar qurmasından asılı olmayaraq, Azərbaycan sülhməramlıların da nəzarətində olan əraziləri müasir texniki vasitələrlə izləmək imkanına malikdir. Məsələn, Prezident İlham Əliyev “CNN Türk”-ə müsahibəsində Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyi barədə danışıb və bildirib ki, buna son qoyulmazsa, ciddi tədbirlər görüləcək. Görünən odur ki, Azərbaycan Prezidenti sülhməramlıların nəzarətində olan ərazilərlə bağlı da qəti mövqeyə malikdir. Heç bir qüvvə Azərbaycan torpaqlarında təxribatçı planlar qura bilməz. Ölkə başçısı bu məsələyə dəfələrlə toxunub və bildirib ki, tərəflər Qarabağla bağlı üzərlərinə düşən bütün öhtəlikləri yerinə yetirməlidirlər”.

Missiya.Az



  • 16-08-2021, 15:57