Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.
O vurğulayıb ki, Avropa ölkələri buna ciddi kömək edə bilməsələr, Azərbaycan onların, ən azı, buna mane olmayacağını gözləyir.
E.Əmirbəyovun sözlərinə görə, Avropa İttifaqı (Aİ) vahid struktur deyil, ayrı-ayrı Aİ ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir: “Mən Aİ ölkələrinə müraciət etmək istərdim ki, onlar Azərbaycanın sülh prosesini tez bir zamanda başa çatdırmaq və Ermənistanla sülh sazişi imzalamaq istəyini dəstəkləsinlər. Bu, bizə düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqaza hər üç ölkənin mehriban qonşu olacağı zaman tədricən normal həyata başlamağa imkan verəcəkdir. Bu perspektivə xələl gətirə biləcək hər hansı addım və bəyanatlardan çəkinməyi xahiş edirəm. Təəssüf ki, Avropa İttifaqı hələ tam vahid struktur deyil və biz ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə olunması prosesinə necə mənfi təsir etdiyini görürük”.
Onun sözlərinə görə, Avropa İttifaqı xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, xüsusən də Cənubi Qafqazda yeni müharibə perspektivi olmasın.