AZ   |   RU
Zəfər tarixini yazan böyük müəllim: İlham Əliyevin QƏLƏBƏ dərsi bütövlükdə dünyanın diqqət mərkəzindədir


Azərbaycan zaman-zaman xalqımızı, dövlətimizi ucaldan tarixi şəxsiyyətləri ilə seçilib. Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, biz məhz bu şəxsiyyətlər və şanlı tariximizlə qürurlanaraq fəxr edirik ki, azərbaycanlıyıq!



Fəaliyyətinə müəllim kimi başlayan cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya liderləri üçün dərs ola biləcək mükəmməl siyasi performans, diplomatik “seminar” nümayiş etdirməyə davam edir. Adının qarşısına Müzəffər sözünü yazdıran bu tarixi şəxsiyyətin müasiri olmaq, onunla çağdaş əsri bölüşmək ən böyük şansımızdır. Hər bir azərbaycanlının prezidenti olmağa söz vermiş lider həm də hər birimizin, bütün azərbaycalıların özgüvən hissini ucaltmağı bacardı. Bizlər əmin olduq ki, seçimimizdə yanılmamışıq, yanılmadıq.


Azərbaycanın son 30 ildə əldə etdiyi ən böyük nailiyyət və uğuru vətəndaşlarının doğru seçim etməsi ilə də bağlıdır. 2003-cü ildən indiyədək xalqın rəğbətini və etimadını qazanıb, ən yüksək səs çoxluğu ilə ölkə başçısı seçilməsi cənab prezident və xalq arasında olan sarsılmaz bağdan xəbər verirdi. Bu həm də bizə xilaskarımız bildiyimiz Ulu Öndərin vəsiyyəti, tövsiyəsi idi. Ömrünü Azərbaycanın inkişafına, müstəqilliyinin qorunmasına və gələcəyinə həsr etmiş Heydər Əliyev 2003-cü ildə ilk dəfə prezident seçkilərinə qatılan İlham Əliyev haqqında belə deyirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.


Bu, xalqa güvən əsasında qurulmuş və gələcəyə hesablanmış dövlət siyasətinin növbəti mərhələsi, bəlkə də ən böyün sınaq idi. Tarix və zaman həm cənab prezidenti, həm də ona səs vermiş bütün azərbaycanlıları bu sınaqdan üzüağ çıxardı. Bu gün xalqımız, dövlətimiz və ona rəhbərlik edən cənab prezidentimiz də QALİBdir! Böyük Zəfərin müəllifi...


Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. O, düz 20 il humanizm ideyalarını əsas götürüb Azərbaycanın ən böyük bəlası - Qarabağın işğalına son verilməsi üçün sülh danışıqlarını davam etdirdi. Bununla yanaşı, eyni zamanda bu illər ərzində bütün səylərini ölkənin sürətlə güclənməsinə, milli kadrların yetişməsinə, təhsil sisteminin, hərb sənayesinin, iqtisadiyyatın inkişafına, ardı kəsilməyən, bütün sahələri əhatə edən islahatlara həsr etdi. O gənc nəsli necə görmək istəyirdisə, elə də yetişdirdi. Sülh üçün mübarizə apara-apara, döyüş ruhunu bərpa etmiş, Vətən, bayraq uğrunda ölümə gedən gənc nəsil yetişdi.


Ulu Öndər BABA idisə, İlham Əliyev ATA oldu! İlham Əliyevin yetişdirdiyi gənc nəsil Zəfər yükünü ona arxalanaraq çiyninə götürdü. Məktəb partasından universitet auditoriyalarına qədər qanı, canı, ruhu Vətən olan balarımız həm də İlham Əliyev məktəbinin məzunları olaraq yazacaqları böyük tarixdən bixəbər, özləri də bilmədən Qələbə dərsinə hazırlaşırdılar. Bu dərs İlham Əliyevin dünya güclərinə nümayiş üçün hazırladığı mükəmməl performans olmalı idi, oldu da!


Bu gün tam məsuliyyətlə deyə bilərik ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. Ən böyük arzumuz - Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Xankəndidə üçrəngli, məğrur Azərbaycan bayrağı dalğalanır! Bu gün Ağalıda məktəbdə - sinf otaqlarında 30 qanlı-qadalı ildən sonra tədris bərpa olunub. 


Bu gün, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, bütövllükdə Qarabağ yenidən qurulur! Bu gün Qafqazda aydın səma, firavan həyat üçün təməl atılır. Zəngəzur öz tarixi sahiblərinin ayaq səslərindən qürurlanır. Qərbi Azərbaycana qayıdış üçün yollar cizilir. Demək ki, İlham Əliyev məktəbinin dərsləri öz ahəngiylə davam edir və əminik ki, daha böyük Qələbələrə aparan bütün yollar məhz bu məktəbdən, bu dərslərdən keçir.


Vüsalə Məmmədova
229 saylı məktəbin direktoru


  • 23-12-2023, 20:42