
Bu gün Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.
Missiya.Az xəbər verir ki, Elmlər Akademiyasının parkında təşkil olunan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Festivalda Azərbayan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, festivalın təşkilatçısı Xəyal Rza və digər rəsmilər kitabın əsrlər boyu insanların yaxın sirdaşına çevrildiyini, onun kamilləşməsində və dünyagörüşünün inkişafında əvəzsiz rol oynadığını bildiriblər.
Həmçinin vurğulanıb ki, indiki tarixi mərhələ Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarını daha da möhkəmləndirir. Sözügedən tədbirin də türk tarixi və mədəniyyətinin təbliğinə xidmət etdiyi diqqətə çatdırılıb.
Festivalın açılış günü Qırğızıstan ədəbiyyatına həsr olunub. Sərgi ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan , Macarıstan, Qazaxıstan , Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr olunacaq.

Zərintac Mayisqızı
Missiya.Az