XX əsrin yetişdirdiyi görkəmli tarixi simalardan biri - Ümummilli liderimiz Heydər Əliyev 34 il müddətində Azərbaycan Respublikasına rəhbərlik etmiş, bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət edib.
Bu yolda bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqından alıb, ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqına arxalanıb. Mənalı həyatının 60 ilini xalqının bugünü və sabahı ilə yaşayan ulu öndərin ömrünün son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə çox işlər görsə də, onun hələ tamamlanmamış perspektivli planları var idi. Təəssüf ki, səhhətində yaranan bəzi problemlər başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermirdi.
Məhz belə bir məqamda Heydər Əliyev xalqa müraciət edərək öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürür. O, xalqa müraciətində deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir".
Ulu öndər Heydər Əliyevin siyasətinə, onun müəyyən etdiyi siyasi kursa söykənərək Azərbaycanı daha yüksək zirvələrə qaldırmaq üçün 2003-cü ildə Prezident İlham Əliyev olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Həqiqətən də qısa zaman kəsiyində Azərbaycan dövləti çox böyük uğurlara imza atdı. Ölkəmiz 30 ilə yaxın bir müddəti əhatə edən erməni işğalına son qoydu, bu zəfər savaşında Prezident İlham Əliyev özünü Ali Baş Komandan kimi də yüksək səviyyədə təsdiq etdi və Azərbaycanı qalib dövlətə, bizi isə qalib xalqa çevirdi.
Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə dalğalanır və buna da məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu. İkinci Qarabağ müharibəsi 30 illik işğal, təcavüz, təqib, münaqişəyə son qoymaqla yanaşı, xalqa milli qürur hissini qaytardı.
Qalib dövlətin vətəndaşı olmaq sevincini, sadəcə, sözlə ifadə etmək olmur. İlham Əliyev xalqa özünün Qələbə Gününü qeyd etmək şərəfini nəsib etdi. Tək bu uğur onu Azərbaycan xalqının əbədi liderinə çevirib. Dövlətimizin başçısı hər il, hər ay, az qala, hər gün bir ilkə imzasını atır. 2023-cü il də bu baxımdan istisna olmadı. 23 aprel İlham Əliyevin imzası ilə tarixə böyük və qızıl hərflərlə yazıldı. 2023-cü il aprelin 23-də Həkəri çayının üzərində Azərbaycanın “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu. Prezidentin özünün də dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sentyabrın 19-20-də isə Ermənistan silahlı birləşmələrinin Qarabağdakı tör-töküntüsü 23 saat ərzində təmizləndi.
Amma buna qədər sarsılmaz xalq, ordu, iqtidar birliyi dünya hərb tarixinə öyrənilməli nümunə kimi yazılan, 44 gün davam edən möhtəşəm Zəfər yolunu qət etmişdi. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq yalnız ölkədaxili məsələləri həll etməklə qalmır, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət aparır, dövlətlərarası münasibətlərin, beynəlxalq təşkilatın fəaliyyətinin həyata keçirilməsinin aktiv təşəbbüskarı kimi çıxış edir.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir.
Bu gün Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yeri investisorların marağı artıb. İnamla demək olar ki, uzun illər Prezidentin həyata keçirdiyi bütün siyasi manevrlər öz bəhrəsini verdi. İndi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında müxtəlif aspektlərdən ön cərgədə dayanır.
Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.
Əgər ümummilli lider Azərbaycanı bölünmək, siyasi xəritədən silinib məhv olmaq təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarıbsa, İlham Əliyev Azərbaycanın güclü dövlətə çevrilməsinə nail olub, ərazi bütövlüyümüzün bərpası üçün bütün dövlət imkanlarını səfərbər edib və möhtəşəm uğurlara nail olub.
Səbinə Kazımova
Gənc Jurnalist