AZ   |   RU
Böyük Qayıdış Prezident İlham Əliyevin zəkasının məhsuludur – Qədim Qarabağ tarixə yeni reallıqlar yazır


Böyük qayıdış möhtəşəm qayıdış, tarixi qayıdış.. Adını necə qoyuruqsa, qoyaq məsələnin mahiyyətində Azərbaycanın qələbəsi, ordumuzun qüdrəti və el birliyi ilə hamımızın qazandığımız Zəfərimiz durur. Bu qayıdışı bütün Azərbaycan xalqı həsrətlə gözləsə də, bir kəsim var ki, onlar üçün bu qayıdış evinə, çölünə, düzünə, məzarlığına qayıdışdır. Biz bunu bacardıq,  qayıdırıq. Asanlıqla deyə bildiyimiz bu QAYIDIŞ asanlıqla başa gəlmədiyi kimi, asanlıqla da həyata keçmir. 

Biz həmin yerləri illər sonra  cənab prezidentin  televiziya kanallarının,  mətbuatın iştirakı ilə gedişlərində, səfərlərində yenidən  görüb, ziyarət etdik. Vəhşilərin vətən torpaqlarını necə viran qoyduqlarının şahidi olduq. Dağ üstünə dağ çəkmişdi, xainlər.İnsan yaşayışı üçün demək olar, heç bir şəraitin olmadığını hamılıqla izləyirdik. Müqəddəs yerlərimiz murdarlanmış, ocaqlarımızın külü göyə sovrulmuş, goreşən kimi məzarlıqlarmızı darmadağın etmişdilər.Ölkə başçısı cənab İlham Əliyev hər dəfə işğaldan yenicə azad olunmuş ərazilərə səfər edərkən bunu həm bizim, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırarkən ürək yanğısını, hiddətini  gizlədə bilmirdi. O hər səfərində xalqı əmin edirdi ki, çox qısa zamanda düşmənin xaraba qoyduğu bu ərazilər abadlaşacaq, gülizara çevriləcək.


Bu baxımdan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri mühüm hadisələrlə yadda qaldı. Bu səfərlər onu göstərirdi ki, Azərbaycan dövləti  qısa müddət ərzində işğaldan azad olunmuş əraziləri bərpa etmək istəyindədir və bu qüdrətə, gücə malikdir. Qısa müddət ərzində görülmüş işlər və bərpa ilə bağlı verilmiş tapşırıqlar Azərbaycan vətəndaşlarında azad edilmiş torpaqlarda məskunlaşma və böyük qayıdışın qısa müddətdə təmin olunacağı əminliyini yaratdı.Prezident İlham Əliyev bütün dünyaya “Qarabağı cənnətə çevirəcəyik!” mesajını verdi. Budur, ən qısa zamanda görülən işlər artıq öz bəhrəsini verməkdədir. Tezliklə Zəfər yolu istifadəyə veriləcək. Hələ üstəlik, Zəngəzur dəhlizi də öz ahəngi ilə işə düşəcək. Tamamilə xarabazarlığa çevrilmiş Ağdam rayonunun baş planı artıq nümayiş etdirilib. Ümumiyyətlə, işğaldan azad olunmuş bütün ərazilərdə artıq infrastruktur layihələrinin  icrasına başlanılıb. Laçın rayonunun Güləbird kəndində su elektrik stansiyasının inşa edilməsi, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz olunması istiqamətində həyata keçirilən layihələr və digər infrastruktur layihələrinin əsas məqsədi azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların öz doğma yurd-yuvalarına qısa müddətdə qayıtmasının təmin olunmasıdır. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı potensialının böyük olması nəzərə alınaraq bu istiqamətdə də əməli işlərə başlanılıb. Qısa müddət ərzində artıq 7 min hektarda əkin işləri aparılıb. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahəsi su ilə təmin olunacaq. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək və nəticədə məhsuldarlıq artacaq. Bu ərazilərdə bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. 

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ölkə başçısı bu haqda deyirdi: Sitat: “Azad edilmiş torpaqlarda böyük əkin sahələri vardır. Mən Kənd Təsərrüfatı Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verdim ki, vaxt itirmədən müəyyən dərəcədə payızlıq əkini aparılsın. Düzdür, bunun üçün biz, ilk növbədə, o əraziləri minalardan təmizləməliyik və artıq müəyyən dərəcədə işlər görülüb.” - sitatın sonu

Qeyd olunmalıdır ki, işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq, işlərə artıq başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi  “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini həyata keçirib.Cənab prezident hər çxışında bildirirdi ki, bu ilki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik. 


Ulu Dədəmiz Qorqud demişkən, “Torpağı qorumasan, onu əkib becərməyə dəyməz, əkib becərməsən, qorumağa dəyməz!” Həm qoruyub, həm də əkib becərəcəyik. Bərəkətimiz, ruzimiz, rifahımız əvvəlkindən daha yaxşı olacaq. Bütün bunlar bir gündə, bir ayda düşünülmüş konsepsiya deyil.

Böyük Qayıdışın  başlanğıcı cənab İlham Əliyevin praqmatik siyasəti və illərlə üzərində işlədiyi, ən incə detalına qədər düşünüb, mükəmməl bir layihəyə söykənir. Bu bütün dünysanın həsəd apardığı İlham Əliyev zəkasının məhsuludur. Yollar, infrastruktur, sənaye, kənd təsərrüfatı – bütün bunlar qədim tarixi olan Qarabağı bu dəfə tarixə məhz İlham Əliyevin zəkasının məhsulu kimi köhnə regionun yeni tarixinin,   yeni reallığı kimi özünəməxsus gözəllik və özəlliklə yazacaq. 

Qısa müddət ərzində yeni təməli atılmış o qədər layihə var ki, hər birinin önəmi haqda yazmaq, çox uzun zaman tələb edir. Misal üçün, prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyük olmaqla yanaşı,  Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Yeni təməli qoyulan nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini daha da asanlaşdırıb, Naxçıvanla birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Qurulan yeni dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanmaqla, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi deməkdir. Təsadüfi deyil ki, bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Bu layihənin icrası həm də bölgəmizin uzunmüddətli inkişafına hesablanıb. Nəticədə sabitlik təmin edilir və müharibə riskləri azalmış olur.

Bir sözlə,  cənab prezidentin   uzaqgörən siyasəti ilə illər öncə təməlini atdığı Böyük Qayıdış  hərəkətdə, fəaliyyətdə, prosesdədir. Cənab İlham Əliyevin dediyi kimi.

Sitat: “Bizim planlarımız böyükdür. Müharibədənin başa çatmasından o qədər də çox vaxt keçməyib. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. ”- siatın sonu

 

Lamiyə Rövşənqızı

Missiya.Az

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.7. istiqaməti üzrə (İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış") hazırlanmışdır. 
 


  • 10-08-2021, 14:12